AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasında XXII turun mübahisəli epizodlarını şərh etdiyi vaxt yanlış qərarlar çıxaran baş hakimlər arasında ayrı-seçkiliyə yol verilib.
Sportnet.az-ın məlumatına görə, fərqli münasibət yeni FIFA referisi Tural Qurbanov ilə milli dərəcəli baş hakim Rəşad Əhmədova göstərilib.
Rəhim Həsənov şərhində bildirir ki, Tiral Qurbanov "Qarabağ" - "Sabah" matçının 90+3-cü dəqiqəsində Mateus Silva ilə Coy-Lens Mikels arasındakı insidentdə Silvanı ikinci sarıdan, Mikelsi isə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırmalı idi. Lakin referi VAR-a baxdıqdan sonra "Qarabağ"ın futbolçusuna ümumiyyətlə, vərəqə göstərmir, "Sabah"ın hücumçusunun qırmızı vərəqəsini isə ləğv edir.
Bu görüntülərin sonunda baş hakimin qərarının doğru və ya yanlış olduğu qrafik formada göstərilmir.
Amma növbəti epizodda "Kəpəz" - "Sumqayıt" matçında baş hakim Rəşad Əhmədovun qonaqların qapısına təyin etdiyi penaltinin yanlış olduğu bildirilir və həmin görüntülər referinin yanlış qərarının qrafik təsvirlə yazıldığı yekun rəylə tamamlanır.
Tural Qurbanovun qərarı AFFA Hakimlər Komitəsinin gözləntisi kimi olsaydı, "Qarabağ" Mateus Silvanın xidmətindən cəmi 1 oyunluq məhrum olacaqdı, Coy-Lens Mikels isə ciddi qayda pozuntusu səbəbindən 2 matçlıq diskvalifikasiyaya məruz qalacaqdı. Bu isə Premyer Liqanın bombardirinin "Qəbələ" ilə ev, "İmişli" ilə səfər oyunlarını buraxacağı anlamına gəlirdi.
Lakin görünən budur ki, Tural Qurbanov "Sabah"ın futbolçusunu və bəlkə də "Sabah"ı xilas edir. AFFA da bu addımı yüksək qiymətləndirərək, onun səhvini qırmızı "X" formatında qabartmır. Yəni, necə deyərlər, "çox da şey eləmir".
Sual olunur: AFFA-nın Tural Qurbanovun kobud səhvini ört-basdır etməsinin səbəbi yalnız "Sabah"a görədirmi? Xeyr!
Bundan da böyük səbəb Cahangir Fərəcullayevin baş katib kimi ilk nailiyyəti, ilk məhsulu gözündə yanaşdığı və dördüncü FIFA referisi adına layiq gördüyü Tural Qurbanova qeyri-qanuni yolla sahib çıxmaq istəyidir.
Belə ayrı-seçkilik nəinki Rəşad Əhmədovda, hətta digər referilərdə də "Fərəcullayevin sevimlisi"nə qarşı neqativ fikirlər formalaşdıra bilər. Axı niyə yeni FIFA referisi bu dərəcədə qorunmalıdır?