"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Kəpəz"lə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
- Oyun bizim üçün çox yaxşı başladı, erkən qol vurduq. Birinci hissədə qol epizodlarımız var idi. Bunlardan istifadə edə bilmədik. Rəqib isə standart vəziyyətdən fərqləndi. İkinci hissəyə fəal başladıq. Yenə standart vəziyyətdən qol buraxdıq. Bundan sonra çoxsaylı hücumlar etdik. Oyuna nəzarət edən tərəf biz idik. Rəqib hesabda öndə olduğu üçün daha çox müdafiəyə diqqət yetirirdi. Son dəqiqələrdə künc zərbəsindən qol vurub 1 xal qazandıq. Mövsüm ərzində belə oyunlar olur. Hər iki qol standart vəziyyətdən oldu. Matçdan öncə bu haqda danışmışdıq. Son vaxtlar çempionatımızda belə qollar çox olur. Bu qədər çətinliyə baxmayaraq 1 xal da yaxşı nəticədir.
- Ümumilikdə oyuna baxsaq, "Zirə" bu gün 1 xal qazandı, yoxsa 2 xal itirdi?
- Təbii ki, oyundan əvvəl hamımız 3 xala köklənmişdik. Amma gedişat elə idi ki, 1 xal qazandıq.
- "Kəpəz" azarkeşləri matçın sonlarında sizin ünvanınıza şüarlar səsləndirirdilər. Buna münasibətiniz necədir?
- Eşitmirdim, maraqlı deyil. Bircə onu deyə bilərəm ki, Premyer Liqada 2 komanda çempionluğa oynayır, 5 komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. O 5 komandanın arasında yerli baş məşqçi bircə mənəm. Digərləri adlı-sanlı əcnəbi mütəxəssislərdir. Sadəcə, bunu qeyd etmək istəyirəm.











































































