UEFA Avropa kuboklarından əldə olunan gəlirlərin bölüşdürülməsi sistemində böyük dəyişikliklər planlaşdırır.
Sportnet.az xəbər verir ki, hazırda avrokubokların televiziya hüquqlarından əldə olunan təxminən 4,4 milyard avro gəlirin 3,317 milyard avrosu turnirlərdə iştirak edən klublara mükafat kimi ödənilir. Digər klublara isə yalnız 308 milyon avro həcmində “solidarity payment” – həmrəylik ödənişi ayrılır.
Yeni modeldə 2 milyard avro bütün klublara
Britaniyanın “The Guardian” nəşrinin məlumatına görə, yeni plana əsasən 2 milyard avro vəsait Avropanın yüksək liqalarında və aşağı divizionlarında çıxış edən bütün klublar arasında bölüşdürüləcək.
Bu vəsaitin:
85 faizi elit liqalarda çıxış edən komandalar arasında bərabər bölünəcək;
qalan hissə isə aşağı divizion klublarına ayrılacaq.
Avrokuboklarda nəticələrə görə veriləcək mükafatların ümumi məbləği isə 1,3 milyard avro olacaq.
Mövcud sistem ləğv edilə bilər
Yeni modeldə “value pillar” adlı mexanizmin də ləğvi planlaşdırılır. Bu sistem ölkələrin media bazarı və klubların tarixi nəticələrinə görə vəsaitin bölüşdürülməsini nəzərdə tuturdu və hazırda klublara ayrılan məbləğin 35 faizi bu prinsip əsasında paylanır.
Turnirlər arasında pay bölgüsü də dəyişəcək
Hazırda mükafat fondunun bölgüsü belədir:
UEFA Champions League – 74 %
UEFA Europa League – 17 %
UEFA Europa Conference League – 9 %
Təklif olunan yeni bölgü isə 50 – 30 – 20 formatında olacaq. Bununla da xüsusilə Konfrans Liqasının rolu artacaq.
Bildirilir ki, yeni sistem 2027-ci ildən, televiziya hüquqları üzrə yeni müqavilələr qüvvəyə mindikdən sonra tətbiq edilə bilər. UEFA həmin müqavilələrdən gəlirin təxminən 10 faiz artacağını gözləyir.












































































