"Neftçi"nin baş icraçı direktoru Cenk Sümer evdə "Qarabağ"ı 2:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXI turundan təxirə salınmış oyundan sonra brifinq keçirib. Sportnet.az türkiyəli funksionerin müsahibəsini təqdim edir:
- Görüşlə bağlı təəssüratlarınız necədir?
- Təbii ki, çox xoşbəxtik. Qalib gəlmək önəmli idi. Çətin həftəsonu yaşamışdıq. Həqiqətən də evimizdə, azarkeşlərimizin önündə üzücü hesabla məğlub olmaq çox pis idi. Qısa müddətdə komandanı toplamaq, növbəti oyuna motivasiya etmək asan iş deyildi. Başda rəhbərlik olmaqla texniki heyət və futbolçularımız "Neftçi"yə yaraşan davranış göstərdilər, nəticəni əldə etdilər. Sona qədər mübarizə apardılar. Əslində "Neftçi"nin özəyində bu var: Mübarizəni buraxmamaq, döyüşmək. Bunları ədalətli oyun çərçivəsində yaxşı formada bacardılar. Buna görə də ilk növbədə, bizi sonadək dəstəklədikləri üçün azarkeşlərimizə çox təşəkkür edirəm. Onların da əziyyət çəkdiklərini bilirik. Biz bir ailəyik. Hamımız birlikdə hədəflədiyimiz, "Neftçi"yə yaraşan, olması lazım gələn yerə yenidən çıxacağıq. Avrokuboklara qatılmaq istəyirik, bunu bacaracağıq! Bu komanda ən azı əlindən gələni artıqlaması ilə ortaya qoyur. Məşqçilər heyətinə də çox təşəkkür edirik: Bizi cari mövsümə qaytardılar. Onların etdikləri önəmli işdir. Bu cür davam edəcəyik və sonda mövsümü zəfərlə tamamlayacağımıza əminəm.
- "Neftçi" 18 oyundur "Qarabağ"ı məğlub edə bilmirdi, sonuncu qələbə 2021-ci ildə əldə olunmuşdu. Bu seriyanın qırılmasının vacibliyi barədə futbolçulara məlumat verilmişdi?
- Hazırda informasiya dövrüdür, hər kəs istənilən bilgini əldə edə bilir. Təbii ki, özləri peşəkar futbolçulardır. Legionerlər belə, "Neftçi"nin adı və kimliyini bilirlər. Çox qiymətli rəqibə qarşı mübarizə apardıq və nəticədə haqqımızı aldıq. Futbolçularımızın hamısı bunun fərqində idi. Təbii ki, bu, bir başlanğıcdır. Son iki mövsümdə "Neftçi"ni bir daha inkişaf etdirə bilmək üçün çox böyük ölçüdə yenilənməyə başlamışıq. Bunun da nəticələrini qarşıdakı dönəmdə daha müsbət şəkildə alacağımıza əminəm.
- "Qarabağ"la son 2 oyununuza xeyli azarkeş gəlmişdi. Qarşıdakı 4 matçda da tribunalara eyni qaydada axın gözləyirsiniz?
- Biz azarkeşlərimizi öz yuvalarında qəbul etmək üçün daim əlimizdən gələni edirik. Əminəm ki, daha çox reaksiya verəcəklər. Son iki oyuna, həftəsonu və həftəiçi keçirilməsindən asılı olmayaraq, çox ciddi sayda azarkeş gəldi. Bu, həm onlar, həm futbolçularımız, həm də komandamız, cameəmiz baxımından çox önəmlidir. Təbii ki, gözləyirik. Hər zaman bizi sayca daha çox, amma vücud olaraq, vahid şəkildə dəstəkləyirlər. Sonda istədiyimiz zəfəri əldə edəcəyimizə, avrokuboklara vəsiqəni qucaqlayacağımıza əminəm.
- "Neftçi"nin Konfrans Liqasına vəsiqəsindən ötrü 4-cü yer tutması kifayət etməyəcək. Gərək "Sabah" da finalda "Zirə"ni yenərək, Azərbaycan Kubokunu qazansın...
- Biz inanırıq.
- "Sabah"a, yoxsa özünüzə?
- Avropaya gedəcəyimizə inanırıq! Əvvəldən də inanırdıq. Bu şərtlə də mübarizəmizi apardıq. Təbii ki, sonda kuboku kimin alacağını bilmirik. Haqq edən qazansın! Amma nəticə etibarilə "Neftçi"nin yeri Avropadır. Təkcə bu mövsüm yox, hər zaman üçün. Biz həm Azərbaycanı, bayrağımızı, həm də cameəmizi ən yaxşı şəkildə təmsil edəcək komandanı quracaq, qurduğumuz komandanı inkişaf etdirəcək və sonda layiq olduğumuz yeri tutacağıq.
- Mətbuatda Vensan Abubakarla bağlı problemlərin olduğu və onun mövsümün sonunda komandadan ayrılacağına dair xəbərlər var...
- Abubakarla bağlı hər hansı problemimiz yoxdur. O, peşəkar futbolçudur, hazırda zədəlidir, dizi ilə əlaqədar problem yaşayır. Bir həftə ərzində geri dönəcəyinə ümidvarıq. Ən azından göstəriciləri belədir, həkimlərimiz bunu deyirlər.
Mikayıl HACIYEV













































































