Azərbaycan Premyer Liqasının XXI turunun təxirə salınan "Neftçi" - "Qarabağ" görüşündə meydan sahibləri 2:1 hesablı qələbə qazanıb. "Ağ-qaralar"ın qapıçısı Emil Balayev qarşılaşmadan sonra Sportnet.az saytına müsahibə verib:
- 5 ildən sonra "Qarabağ"a qalib gəldiniz. Nə dəyişiklik etdiniz ki, bu tilsimi qırdınız?
- Qlobal dəyişiklik etmədik. Uşaqlar sağ olsunlar. Meydanın hər bir qarışı üçün can qoydular. Hamımız mübarizə apardıq. Düzdür, bundan öncə də eynisini etdik. Lakin bəzi insani faktorlar var. Oyunumuz alınmadı. Keçən qarşılaşma baş məşqçinin tapşırıqlarını tamamilə yerinə yetirə bilmədik. Amma bu görüşdə artığını da etdik və qalib gəldik.
- Start heyətdə başlamağınız sizin üçün təəcüblü oldu?
- Açığı, hər bir oyuna özümün ən yaxşısını göstərmək üçün çıxırdım. Hər bir futbolçu da məşqdə əlindən gələnin maksimumunu göstərməlidir. Biz bir ailə kimiyik. Məşqlərdə də çalışırdım. Sevinirəm ki, məşqçilər heyəti mənə inandı, şans verdi. Hamımız vuruşduq, tək mən yox. Heyətdə də müəyyən dəyişikliklər oldu.
- İkinci hissədə hesabda öndə olduğunuz vaxt önəmli qurtarış etdiniz. Onu matçın qırılma nöqtəsi hesab edə bilərik?
- Deməzdim. Təbii ki, bu, sevindirici haldır: Uzun müddət oynamadıqdan sonra qayıdıb belə önəmli "seyv" edim. Reallıq odur ki, qapıya o qədər də çox sayda zərbə gəlmədi. Birinci hissədə də, hamımız razılaşaq ki, mən əlimdən gələni etməyimə baxmayaraq, hücumların əksəriyyətinin qarşısını komanda yoldaşlarım aldı. Bu, komanda oynudur, individual fiqur deyil.
- Buraxdığınız avtoqolda nə kimi anlaşılmazlıqlar oldu?
- Anlaşılmazlıq deməzdim, futbolda təbii haldır. Cinah asmasında, üstəlik də elə bərk gələn ötürmədə belə halların baş verməsi normaldır. Qısa zaman kəsiyində öz oyunçularına dəyib gələ bilər. Buna neçə dəfə dünya futbolunda da şahid olmuşuq. Normal haldır.
- Bu qələbə həm avrokuboklarda iştirak, həm də 20 oyunluq seriyanı qırmaq baxımından böyük əhəmiyyət daşıyır. 5 illik qələbəsiz qalmaq sizcə də çox uzun deyildimi və bundan sonra da belə halın baş verməməsi realdır?
- "Neftçi"nin adı hər zaman qələbələrə layiqdir. Gələcəkdə nə olacağını deyə bilmərəm. Düşünürəm ki, "Neftçi" bundan əvvəlki ilərdə də adına layiq mübarizə aparmağa çalışırdı. Nəticə fərqli ola bilər, amma düşünmürəm ki, bir futbolçu kluba gəlirsə, onun adını daşımağın əhəmiyyətini bilməsin. Hər bir futbolçu əvvəlki görüşlərdə də bu məsuliyyəti bilərək mübarizə aparıb.
- "Qarabağ"ın bir neçə illik dominantlığını "Sabah" çempionluğu ilə pozdu...
- Bu, bizə aid sual deyil...
- "Sabah" bunu bacarıbsa, "Neftçi" də bunu bacara bilməz?
- Üçüncü ildir ki, buradayam. Zədələrə görə komandamla müəyyən müddətlərdə ola bilməmişəm. Lakin hər zaman "Neftçi"nin oyununu izləmişəm. Fikirləşirəm ki, bizim təfəkkürümüz dominantlıq sərgiləməkdən ibarətdir. Gələcəyi də zaman göstərəcək. Biz əlimizdən gələni edəcəyik.
- "Neftçi" azarkeşləri artıq 5 ildir ki, bunu gözləyirdi. Bundan sonra onlara nə vədd edirdiniz?
- 1:5 hesablı məğlubiyyətdən sonra o azarkeşlərin bu gün gəlib bizə yenidən dəstək olmaları məni həqiqətən sevindirdi. Sağ olsunlar, çox gözəl banner açmışdılar. Onlar həqiqətən də tribuna cədvəlinin lideridirlər. Onlar bizim həmişə qələbə üçün meydana çıxdığımızı bilirlər. Həmişə bizə güvənsinlər, dəstək olsunlar, biz bu etimadı doğrultmağa çalışacağıq.
- Qalan 4 matçınızdan ən çətini "Sabah"a qarşıdır. Onların çempionluğunu rəsmiləşdirməsi sizi rahatladırmı ki, meydançaya bir az "tox" çıxacaqlar?
- Xeyr. Belə bir düşüncə hansısa futbolçumuzda və məşqçi heyətimizdə yoxdur. Biz meydançaya çıxıb 3 xalı qazanmağa çalışacağıq.
Mikayıl HACIYEV













































































