"Komandama gözəl oyuna görə təşəkkür edirəm. Qarşımızda çox çətin tapşırıq var idi. Amma elə yerə çatdıq ki, Konfrans Liqasında iştirak imkanı verir. Buna görə ilk növbədə komandamı təbrik edirəm. Yaxşı olardı ki, həmişə belə oynasınlar və udsunlar".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Yuri Vernidub səfərdə "Sabah"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXXII tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
Ukraynalı mütəxəssis komandada nizam-intizam və taktiki dəyişikliklər sayəsində avrokuboklara vəsiqə qazandıqlarını bildirib: "İlk turdan dedim ki, bu, heç də pis komanda deyil. İlk növbədə, nizam-intizamı təmin etmək və bəzi oyunçuların mövqelərində dəyişiklik etmək lazım idi. Bu da bizdə alındı. Oyunçular da məşqçi heyətinə inandılar və çıxıb oynadılar".
60 yaşlı mütəxəssis daha yaxşı transferlərin edilməsinin vacibliyinə diqqət çəkib: "Biz çox baxır, axtarırıq. Bu işi görəcəyiksə, çox keyfiyyətli etməliyik. Onlar elə oyunçular olmalıdırlar ki, daha gözəl oyun sərgiləsinlər və hətta çempionluğa yardımçı olsunlar. Konfrans Liqasında istəməzdim ki, bir mərhələdən sonra əlvida deyək. Konfrans Liqasının əsas mərhələsinə düşmək hamı üçün ən gözəl nəticədir. Ona görə də transferlərin edilməsi çox vacibdir".









































































