FİFA Etika Komitəsi qurum prezidenti Yozef Blatter və UEFA rəhbəri Mişel Platini ilə bağlı araşdırmalarını bitirib. Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, artıq işlə bağlı yekun hesabat FİFA Arbitraj Palatasına göndərilib.
Məlumatların məxfiliyinə və təqsirsizlik prezumpsiyası prinsipi ilə əlaqədar Arbitraj Palatası hesabatın detalları və Blatterlə Platiniyə qarşı təklif olunan sanksiyalar barədə xəbər verməyəcək.
Qeyd edək ki, İsveçrə Federal Ədliyyə Bürosu sentyabrın 25-də 2011-ci ildə qanunsuz olaraq 2 milyon İsveçrə frankı məbləğində vəsaiti Platininin hesabına köçürməkdə şübhəli bilinən Blatterə qarşı iş açıb. Vəsaitin Platininin 1999 - 2002-ci illərdəki işinə görə ödənildiyi bildirilir. Fransalı futbol funksioneri isə ödənişin qanunauyğun şəkildə olduğunu bildirib. Oktyabrın əvvəlində FİFA Etika Komitəsi Blatteri, təşkilatın baş katibi (əvvəlcədən vəzifəsindən uzaqlaşdırılmış) Jerom Valkeni və Platinini futbolla bağlı istənilən fəaliyyətdən 90 günlüyünə uzaqlaşdırıb.