Bakı Ağır Cinayətlər Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesə "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov da gətirilib.
Onun qolları qandallı olub. C.Hüseynov məhkəmədə ifadə verib.
O, R.Əliyevin "facebook"da yazdığı statusdan xəbərsiz olduğunu deyib: "Evdə oturmuşdum. Bibim oğlu Elşən İsmayılov mənə whatsap-da yazdı ki, Rasim Əliyev adlı şəxs sənin haqqında "facebook"da belə bir şey yazıb. Elşənə dedim ki, qoy yazsın, boş ver. Elşən isə bildirdi ki, "Rasimlə danışmışam, o mənə ana söyüşü söyüb, onunla görüşəcəm, bu mənim şəxsi işimdir". Bundan sonra Rasimə zəng vuraraq danışdım, özümü ona təqdim etdim. "Facebook"da belə bir status yazmasının səbəbini soruşdum. Dedi ki, yunanıstanlı jurnalist həmkarıma hörmətsizlik etmisən. Mən isə o hərəkətdə heç bir hörmətsizlik etmədiyimi, həmin işarə ilə Türkiyə ilə qardaş olduğumuzu göstərdiyimi bildirdim. Rasim məni başa düşdü. O, məndən üzr istədi. Dedim ki, üzr istəmək lazım deyil, o söhbət bağlandı. Elşənə də dedim ki, Rasim məndən üzr istəyib, məsələ bitsin. Sonradan Elşəngilin Rasimlə görüşməyə getməsini, aralarında nə baş verdiyini bilməmişəm. Hadisədən sonra Elşən mənə dedi ki, Rasimə bir təpik vurdum. Mən də Elşəni danladım".
C.Hüseynov bundan sonra məşqə getdiyini bildirib: "Məşqdən çıxanda Elşən zəng elədi ki, Rasimlə görüşdüm, ona təpik vurdum, Rasim də qaçıb getdi. Elşəni xeyli danladım. Çünki məni saymamışdı. Sonra hamamdan çıxanda gördüm ki, saytlar yazıb, Rasim Əliyevi Cavid Hüseynovun qohumları döyüb. Elşənə zəng elədim ki, necə vurmusansa, Rasim xəstəxanaya düşüb. Ardınca isə bir insan kimi xəstəxanaya getdim. Xəstəxanada Rasimlə görüşdüm. Rasim dedi, sənin bibioğlun məni çay içməyə dəvət elədi və döydü. Orda bildim ki, Rasimin telefonu və pulqabısı hadisə yerindən götürülüb. Ondan üzr istəyib çıxıb getdim. Səhəri gün Qəbələyə gedirdim, yolda qardaşım Almaniyadan zəng elədi ki, Rasim ölüb. Tez Elşənə zəng elədim ki, özünə vəkil tut, get, təslim ol, hər şeyi olduğu kimi danış. Mən Rasimlə danışanda hər şey yaxşı idi. Mən bilsəydim, onu orda yaxşı müalicə eləmirlər, öz hesabıma hara lazımdısa aparıb onu müalicə etdirərdim”.
Daha sonra C.Hüseynov vəkil və hakimlərin suallarını cavablandırıb.
Təqsirləndirilən Elşən İsmayılov bildirib ki, işdə adı keçən şəxslərdən heç kimin bu cinayətdə günahı yoxdur: "Uşaqlar bilmirdi, mən davaya gedirəm, onlar elə bilirdi, çay içib söhbət edəcəyik. Mənə ana söyüşü söymüşdü, bu da pis təsir eləmişdi”.
Məhkəmənin növbəti prosesi fevralın 2-nə təyin edilib.