
Murat Yakın "Qalatasaray”ın baş məşqçi postuna əsas namizəd sayılır. Sportnet.az-ın məlumatına görə, 41 yaşlı isveçrəli mütəxəssis Mustafa Dənizli istefa verəndən sonra boş qalan vəzifəyə mümkün namizədlərin siyahısında ilk sırada yer alıb. Türkiyə mətbuatı məhz Murat Yakının şansını daha yüksək qiymətləndirir.
Çalışdırıcı açıqlamasında "Qalatasaray”la danışıqlar aparmasını nə təsdiqləyib, nə də təkzib edib: "Mən bu klubda işləməyimin mümkünlüyü ilə bağlı nə "hə”, nə də "yox” deyə bilərəm. Şayiələr haqda danışmaq istəməzdim. Yalnız onu deyə bilərəm ki, "Qalatasaray” hər bir məşqçi üçün əla yerdir. Çoxlu tanınmış mütəxəssis burada əhəmiyyətli nəticələr qazanıb”.
Qeyd edək ki, əslən türk olan, İsveçrə vətəndaşlığını daşıyan Murat Yakın 2014/15 mövsümünün sonunda Moskvanın "Spartak” klubundan gedişindən sonra işsizdir. Ona bundan öncə Səduyyə Ərəbistanın "Əl-Naser” klubu maraq göstərib.