"Sumqayıt” klubunun kapitanı Samir Abasov karyerasını bitirməyi qərara alıb. Bu barədə Sportnet.az-a 36 yaşlı müdafiəçinin özü məlumat verib.
O, qəti qərarını yaxın 5-10 gün ərzində açıqlayacağını bildirib: "Artıq "Sumqayıt”la müqaviləm başa çatıb. Çox ehtimal ki, artıq futbolçu karyeramı bitirəcəyəm. Dəqiq cavab deyil, amma fikrimdə var. İstəyirəm 5-10 gün dincəlib, bu məsələni ətraflı götür-qoy edim. Ailəmlə də məsləhətləşəcəyəm. Hələ rəhbərliklə də heç bir danışıq olmayıb. Vida mərasimi keçirib-keçirilməyəcəyi ilə bağlı da dəqiq heç nə deyə bilmərəm. Çünki bu, klubdan asılı olan məsələdir”.
Abasov ötən oyunda aldığı ciddi zədədən sonra bu qərara gəldiyini deyib: "Axırıncı oyunda ciddi zədə də aldım. Dünənə kimi futbolçu karyeramı davam etdirmək haqqında fikirləşirdim. Amma bu zədə mənə imkan verməyə bilər. Çünki diz bağlarımda qırılma var. Hələ öz həkimlərimiz də burada deyil. Gəlsinlər, görək nə deyirlər”.
Qeyd edək ki, Samir Abasov futbolçu karyerası ərzində "Şəfa", "Şahdağ", "Neftçi", "Qarabağ", "Karvan", "İnter" klublarının da şərəfini qoruyub. Abasov 2004 - 2011-ci illərdə Azərbaycan millisində də çıxış edib.