Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının daha 2 iştirakçısı müəyyənləşib. "Report"un məlumatına görə, elit-raundda ötən tur keçirilmiş 1-ci və 7-ci qruplardakı son oyunlarının ardından Şotlandiya və İspaniyanın da Azərbaycan paytaxtına gələcəkləri dəqiqləşib.
Şotlandiya qrupda 4 xalla 2-ci pilləni tutub. Bundan 1 xalı qrup autsayderi İsveçrə ilə qarşılaşmada qazanılıb. Hər iki komanda öz qruplarını 4 xalla 2-ci pillədə başa vurub. 7-ci qrupda isə Polşa 4 xalla 2-ci yeri tutsa da, bunun 3 xalı qrup autsayderi Monteneqro ilə görüşdə əldə olunub. Nəticədə daha öncə 8-ci qrupdakı mübarizənin yekununda 5 xalla 2-ci yeri tutmuş və bunun 3 xalını autsayder İsraillə qarşılaşmada qazanmış İspaniyanın Avropa çempionatına vəsiqəsi rəsmiləşib.
Elit-raundda qrup mərhələsinə bu gün 6-cı qrupda keçiriləcək son turun Avstriya - Fransa və İslandiya - Yunanıstan qarşılaşmaları ilə yekun vurulacaq. Bu qrupda 2-ci yeri tutacaq komandanın nəticəsi Polşadan üstün olsa, çempionata vəsiqə əldə edəcək.
Qeyd edək ki, hazırda 16 iştirakçıdan 15-i məlumdur. Şotlandiya, İspaniya və təşkilatçı Azərbaycan yığmalarından əlavə, Fransa, Danimarka, Serbiya, Hollandiya, Almaniya, İngiltərə, Ukrayna, Portuqaliya, İsveç, Belçika, İtaliya, Bosniya və Herseqovina da bu hüquqa yiyələnib.