"Əlbəttə, yaşıl meydana qayıtmaq mənim üçün xoşdur. Yeddi aylıq fasilədən sonra yenidən oynayıram. Qol vurmağım da tam yerinə düşdü, mənim üçün lap yaxşı oldu". Bu fikirləri Sportnet.az-a açıqlamasında "İnter"in futbolçusu Rauf Əliyev deyib. Təcrübəli hücumçu cari çempionatda qol hesabını "Xəzər Lənkəran"la bugünkü oyunda açıb.
Əliyev bu xoş anı uzun müddətdir gözlədiyini bildirib: "Hər halda, hücumçu üçün qol vurmaq vacibdir. Mövsümün sonu olmasına baxmayaraq formaya düşməyə çalışıram. Çünki qarşıda milli komandamızın təlim-məşq toplanışı var və yığmaya qayıtmaq istəyirəm. Ancaq öndə duran klubumuzdur. Mövsümün sonuna iki oyunumuz qalıb. Bu matçlarda qalib gəlməliyik ki, bürünc medal qazanaq və Avropa Liqasına yerimizi təmin edək. Düzdür, UEFA-nın qərarı ilə avrokuboklardan kənarda qalmışıq. Ancaq sonda gedəsi olsaq, çıxış etmək üçün gərək çempionatda Avropa Liqasına vəsiqə verən yer tutaq. QAlan 2 matda qələbə qazansaq, çempionat bizim üçün yaxşı nətilənəcək".
Rauf onun üçün son 1 ilin itirilmiş olduğunu bildirib: "Həqiqətən bu, belədir. "Neftçi"də oynamadım. "İnter"ə gəldim, Avropa Liqasında fərqləndim. Ancaq çempionatın əvvəlində zədələndim və xeyli vaxt itirdim. Ancaq üzülmürəm. Hələ qarşıda oyunlar var və özümü toparlamaq istəyirəm".
Futbolçu oynamayanda hesabdan silinməsini normal qarşılayır: "Bir il futbol oynamırsansa, nəinki kölgədə qalırsan, silinirsən. Azərbaycanda uzun müddətdir oynamıram və hamı də mənimlə çox maraqlanırdı. İnşallah, "İnter"də toparlanın yenidən özümü göstərmək istəyirəm".
Məlum olduğu kimi, Əliyev yaşıl meydana yenicə qayıtmışdı ki, "Sumqayıt"la matçda ağır xəsarət aldı. Nəticədə hücumçu Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparıldı. "Xəzər Lənkəran"la bugünkü matçda isə Raifin komanda yoldaşı İlkin Qırmımov meydançanın həmin yerində eyni aqibətlə üzləşdi. Əliyev belə zədələrin sintetik örtüklə bağlı olmadığını söyləyib: "Ayaq zədəsi olsaydı, süni meydança ilə əlaqələndirmək olardı. Ancaq keçən ev oyununda komanda yoldaşlarım necə mənə görə məyus olmuşdularsa, bu gün İlkinə görə üzüldük. Elə bil komandada bədlikdir, nədir, hamı həmin yerdə zədələnir. Çox pisik, indi hamımız xəstəxanaya gedəcəyik".
Sonda Əliyevdən Kamran Ağayevin məlum qalmaqalı ilə bağlı fikirlərini soruşduq: "Bu məsələ ilə bağlı heç bir məlumatım yoxdur, heç nə oxumamışam. Ona görə də bir şey deyə bilmirəm".