Ağadadaş Həmidov "Xəzər Lənkəran”ı 12 illik tarixində oyuna çıxaran 18-ci baş məşqçi olub. Sportnet.az-ın məlumatına görə, Elbrus Məmmədovun gedişindən sonra cari mövsümün sonunadək baş məşqçi əvəzi olan çalışdırıcının debütü Premyer Liqanın 34-cü turunda "İnter”ə 1:2 hesabı ilə uduzduğu səfər matçında olub.
2004-cü ilin yayında yaradılan "Xəzər Lənkəran”da baş məşqçilərdən 5-ci bu vəzifəni icra edib. Həmidovdan başqa bu finksiyanı müvəqqəti yerinə yetirənlər yerlilərdən Emin Quliyevlə Hafiz Əliyev, əcnəbilərdən türkiyəli Şenol Fidanla italiyalı Covanni Melkiorre olub. Lənkəran klubunu çalışdırmış 13 mütəxəssis isə azərbaycanlılardan Nazim Süleymanov, Ağasəlim Mircavadov, İqor Ponomaryov, Yunis Hüseynov, Elbrus Məmmədov, əcnəbilərdən türkiyəli Rasim Kara, Cüneyt Biçər, Mustafa Dənizli, Oğuz Çətin, ukraynalı Viktor Pasulko, rumıniyalı Mirça Rednik, ispaniyalı Karlos Bakes və uelsli Con Toşak olub. Yerlilərdən Ponomaryov istisna olmaqla qalanları 2 müxtəlif vaxtda baş məşqçi olublar. Əcnəbilərdən isə bu, yalnız Karaya şamildir.
"Xəzər Lənkəran”nda həm oyun, həm titul sayında rekorçu Mircavadovdur. Belə ki, komanda tarixində yeganə çempionluğunu 2007-ci ildə məhz bu mütəxəssisin rəhbərliyi altında qazanıb. Ağasəlim müəllim "ağ-yaşıllar”a eyni zamanda 2 ölkə kuboku qazandırıb. Daha bir kubok isə Rednikin payına düşüb. Cənub klubuna 2 dəfə gümüş medalı isə Kara ilə Hüseynov qazandırıblar.
Xatırladaq ki, Həmidov Azərbaycan milli çempionatı keçirilməyə başladıqdan sonra Lənkəranın ilk təmsilçisi olan "Xəzər”in baş məşqçisi olub.