"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasında AZAL-la oyundan sonra brifinq keçirib. Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, təcrübəli müdafiəçi jurnalistlərin suallarını cavablandırıb.
- Bu çempionluq hissi əvvəlki iki mövsümdən fərqlənirmir və ya artıq alışmısınız?
- Alışmaq deyilən bir şey yoxdu. Çempionluğu 4-5 tur öncədən təmin etsək də, bu matçda da yaxşı oyun göstərməyə çalıdşıq. Çünki "Neftçi” ilə kubokda çətin final oyunumuz var. Bu matç öncəsi hər bir futbolçunun formada qalmasını istəyirik. Ümumilikdə desək, çempionluq çox sevindirici haldır. Yenidən ən güclü olduğumuza görə xoşbəxtik.
- Ardıcıl iki mövsüm Avroliqada qrup mərhələsinə vəsiqə qazanaan "Qarabağ"ın bu dəfə hədəfi nə olacaq?
- Avrokuboklarda qabaqcadan nəsə demək olmur. Elə ola bilər ki, qrupa düşərsən və yaxud ilk mərhələdən məğlub olarsan. Çempionlar Liqasında bütün rəqiblər ciddidir. "Qarabağ"ı qarşıda çox çətin oyunlar gözləyir. Düşünürəm ki, ən ağır birinci mərhələ olacaq.
- Son üç çempionluğu karyeranın sonlarında qazandığını nəzərə alsaq, bu dövrü "qızıl dövr” adlandırmaq olarmı?
- Əlbəttə ki, olar. Karyeramın sonunun belə uğurlu olmağı mənim üçün də gözlənilməz oldu. Həm millidə 100 oyun həddini keçdim, iki dəfə Avropa Liqasının qrupunda oynadıq, ardıcıl üç dəfə çempion olduq.
- Məşqçilik kurslarında da iştirak elədin. Ola bilərmi ki, karyeranı bitirəndən sonra elə "Qarabağ”da qalıb məşqçi olasan?
- Hələ bu haqda qərar qəbul etməmişəm. Ola bilər ki, məşqçi və ya menecer olum. Yaxud da futbolla bağlı hansısa bir işdə tamamilə futboldan uzaq sahədə çalışım. Hələ bu barədə qərar verməmişəm. Sadəcə, vaxtdan səmərəli istifadə etmək istəyirəm.
- Rəşad Sadıqovu futbolsuz təsəvvür edə bilmirik. Bəs sən necə düşünürsünüz?
- Böyük problemdir. Özüm də düşünəndə qalıram belə ki, necə olacaq? Məhlədə futbol oynayacam, dostlarımla yığışacağıq. Ancaq çox çətin olacaq. Ona görə bu haqda düşünməməyə çalışıram.
- Rəşad özündən sonra əvəzedici olaraq kimi qoydu getdi?
- Mən kiməm ki, özümdən sonra kimisə əvəzedici qoyum? O qədər yaxşı futbolçularımız var ki...Onlar məndən də yaxşı oynayacaqlar.