Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov karyerasında 2-ci dəfə "Qəbələ"dən gedib. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı müdafiəçi ötən yay da bürünc medal qazandıqdan sonra Qəbələnin eyniadlı təmsilçisindən getmişdi.
Həmin vaxt "Xəzər Lənkəran"la müqavilə bağlayan Abışov FİFA-nın kluba qoyduğu "transfer qadağası" üzündən çıxış edə bilməyərək "Qəbələ"yə qayıtmışdı. Bu dəfə də "qırmızı-qaralar"la müqaviləsi bitən təcrübəli futbolçu ilə yeni müqavilə müzakirə olunmayıb. "Qəbələ"nin baş meneceri Zaur Əzizov bizimlə söhbətdə bu haqda söz açıb: "Ruslan klubla müqaviləsi bitmişdi. Anlaşmanın uzadılması variantı nəzərdən keçirilmədi. Mən elə başa düşdüm ki, Abışov Bakıda qalmaq, karyerasını paytaxda davam etdirmək istəyir".
Xatırladaq ki, Andorra yığması ilə qolsuz bərabərliklə nəticələnən yoldaşlıq görüşündə kapitan sarğısını daşıyan Abışov "Qəbələ"də vitse-kapitan olub. Onun karyerasında yeganə paytaxt təmsilçisi ilk klubu, uzun illər oynadığı "Neftçi" olub.