"Gürcü futbolçularımızın müqavilələri bitib. Biz onlara şərtlərimizi demişik. Ancaq qalacaqları sual altındadır. Çoxunun gedişi gözlənilir. Bu da maliyyə məsələsi ilə bağlıdır”. Bu fikirləri Sportnet.az-a açıqlamasında "İnter”in seleksiyaçı-məşqçisi Zaur İsmayılov deyib.
Onun sözlərinə görə, gürcü müdafiəçilər – Laşa Salukvadze ilə Laşa Kasradzenin xidmətindən imtina edən "bankirlər” onların həmyerlilərindən cavab gözləyir. Artıq "İnter" Nika Kvekveskiridən əlini üzüb. İsmayılov gürcü yarımmüdafiəçinin "Qəbələ”yə keçidinin gündəmdə olduğundan xəbərdardır: "Mətbuatdan bu haqda oxudum. Nika ilə danışığımız oldu. Klub prezidenti Rəşad Qasımov futbolçuya şərtlərimizi bildirdi. Kvekveskiri isə təklimizə razı olmadı. Nəticədə "İnter”də qalmadı. O, müqavilə şərtlərinə yenidən baxılmasını istəyirdi. Ancaq bizdə şərtlər budur. Əslində, Nikaya yeni müqavilə ilə təklif etdiyimiz məbləğ əvvəlkindən çox idi. Yəni, maddi planda artım edirdik. Ancaq o, daha artığını istəyərək razılaşmırdı”.
İsmayılov gürcü qapıçı Georgi Lomayanın məsələsinin hələ də açıq qaldığını bildirib: "Lomayaya da şərtlərimizi demişik və cavabını gözləyirik. Yəqin ki, onun da durumuna yaxın günlərdə aydınlıq gələcək. Nikadan fərqli olaraq, Lomayanın getdiyini demək olmaz. Hər şey mümkündür. Ola bilər ki, Georgi şərtlərimizi qəbul etdi və "İnter”də qaldı. Əks təqdirdə, yeni qapıçı almalı olacağıq. Çünki Kamran Ağayevlə Elşən Poladov gediblər. İndi sərəncamımızda yalnız bir qapıçı – "Sumqayıt”dan qaytardığımız Səlahət Ağayev var”.