1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tadas Simaitis: "Admira" "Barselona" deyil ki..." - MÜSAHİBƏ
"Kəpəz”in litvalı qapıçısı Tadas Simaitisin Sportnet.az-a müsahibəsi
- Avropa Liqasının II təsnifat mərhələsində Moldovanın "Daçiya” klubunu səfərdə 1:0 hesabı ilə məğlub edərək mərhələ keçdiniz. Oyun necə alındı?
- Fikrimcə, moldovalılarla ikinci oyunumuz ağır alındı. Uzun yol qət etməyim yorğunluq yaradırdı. "Daçiya” yaxşı komandadır. Oyuna nəzarət, üstünlük bir az rəqibdə idi. Biz daha çox müdafiəyə diqqət yetirib, əks-hücumlara bel bağlayırdıq. Planımız belə idi ki, top buraxmayaraq öz qol şansımızı gözləyək. Matç elə də baxımlı alınmadı. Amma biz qələbəyə oynayırdıq.
- "Daçiya”nın çoxlu qol imkanları olsa da, qapınıza yol tapa bilmədi. Qələbədə böyük rolunuzun olduğunu düşünürsünüz?
- Qələbədə tək mənim yox, bütün komandanın böüyk əməyi var. Bizim taktika, əsas vəzifəmiz qol buraxmayıb əks-hücumda oynamaq idi. Mərkəzdə mübarizə aparmaq çətin idi. Çünki rəqibin 5-6 futbolçusu orada oyuna nəzarət edirdi.
- "Kəpəz”in qələbə topunda "Daçiya”nın qapıçısı səhvə yol verdi. Bu komanda yoldaşınızın ustalıq səviyyəsini, yoxsa rəqib həmkarınızın kobud səhvini göstərir?
- Qapıçı belədir ki, birinci, ikinci matçı yaxşı oynayırsan, ancaq birdən buraxdığın səhvlə komandanı çətin vəziyyətdə qoyursan. Bunun səbəbini bilmirəm. Müdafiəçilər, yarımmüdafiəçilər səhv edəndə problem olmur. Ancaq elə ki qapıçı səhv edir, dərhal qol olur. Həmin an idman xoşbəxtliyi həmkarımın tərəfində deyildi. Qapıçının qola səbəbkar olduğu belə səhvdən sonra özünü necə pis hiss etdiyini yaxşı bilirəm. Mənim üçün ən xoşagəlməz şey bu cür səhvin baş verməsidir. Hətta yaxşı qapıçıların da səhvləri olur. Çalışıram ki, səhvlərim kiçik olsun. Bu, futboldur, xətalar olub, olacaq da. Heç kəs bundan sığortalanmayıb.
- Səncə, "Kəpəz”in qələbəsi qanunauyğunluqdur, yoxsa gözlənilməz qol nəticəni müəyyənləşdirdi?
- Futbolda elə olur ki, çoxlu hücum edirsən, ancaq qalib gəlmirsən. Ancaq rəqib qol vurur, qələbəni bayram edir. Hər halda, biz qələbəni istəyirdik, bunun üçün meydanda çalışdıq və sonda istəyimizə çatdıq.
- İkinci hissənin sonunda bir epizodda "Daçiya” penalti tələb edirdi. Həmin epizoda yaxın futbolçu kimi fikrin necədir? Səncə, orda penalti var idimi?
- Əgər hakim penalti verməyibsə, deməli, yox idi. Mən olub-olmadığını deyə bilmərəm. Bir qapıçı kimi meydanda öz işimi görürəm. Hakim də öz işini normal görüb, böyük səhvlərə yol verməyib. Onun fikrincə, həmin epizodda heç bir qayda pozuntusu yox idi.
- Avrokuboklardakı klublarımız arasında yeganə qapıçısan ki, hələ qol buraxmamısan...
- Əlbəttə, bu, mənim üçün yaxşı göstəricidir və qapımı toxunulmaz saxlaya bildiyimə görə özümü yaxşı hiss edirəm. Qol buraxmamışımsa, bunda təkcə mənim yox, müdafiəçilərin, bütün komandanın əməyi var. "Daçiya”nın iki oyunda 1-2 real qol imkanı oldu. Komandamız müdafiədə çox yaxşı oynadı.
- Növbəti rəqibiniz "Admira” ilk matçda evdə heç-heçə edib, səfərdə məhsuldar oyunla qalib gəlib və iki matça 4 qol vurub. Çəkinmirsiniz ki, rəqib çox qol vurur?
- İlk növbədə, öz oyununa baxmalısan. "Admira” "Barselona” kimi güclü komanda deyil ki, hər oyun 3-4 qol vursun. Rəqibə imkan yaratmasan, o da sənə qol vurmayacaq. Mənim üçün öz komandanım oyun, taktikası maraqlıdır, sonra "Admira”nın.
- Səncə, bu komandanı keçmək olar?
- Bəli, "Admira” elə komanda deyil ki, şansın olmasın. Rəqib favorit olsa da, şansları 60-40-a bizim xeyrimizə verərdim. Mərhələ keçmək şansımız var. "Admira”dan qorxmaq lazım deyil. Sadəcə, öz oyununu sərgiləmək lazımdır.
- Litva milli komandasına dəvət gözləyirsiniz?
- İndi milli komandamızda yeni baş məşqçi var. Vəziyyətə baxarıq. Dəvət olarsa, gedərəm. Əks təqdirdə, yalnız klubumda çıxış edəcəm.
- Səncə, yığmanızın əsas qapıçısı güclüdür?
- Litvada yaxşı qapıçılar çoxdur. Milli komandamızda qapıçı mövqeyində rəqabət çox böyükdür.
- Bəlkə bu, litvalıların ucaboy olması və qapıçı üçün bu keyfiyyətin az önəm kəsb etməməsi ilə bağlıdır?
- Dünya futbolunda ucaboylu qapıçılar da var, bəstəboy da. İker Kasilyasin boyu hündür olmasa da, dünyada ən güclü qapıçılardan olub. Mənim kimi hündürboy olmayan qapıçıların öz texnikası, üstünlükləri var, ucaboyluların da öz. Buna kənardan qiymət verilməsi daha düzgündür. Məncə, boy amili böyük önəm daşımır.