"Çempionatda ilk turun bütün oyunlarını izləmişəm. "Neftçi", "Qəbələ", "Sumqayıt" və "İnter" qələbə qazandı. Lakin bu nəticələr hər şeyin həll olunduğu demək deyil". Sportnet.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib.
Azərbaycan Prmeyer Liqasında ilk tur haqqında danışan B.Hacıyev futbolçulardan narazılığını ifadə edib və futbolun inkişaf etmədiyini bildirib: "Qarşıda uzun çempionat var. Hələ çox dəyişikliklər olacaq. İlk tura əsasən demək olar ki, səviyyə elə əvvəlki kimidir. Futbol inkişaf etmir. çünki rəqabət yoxdur. O gün "Neftçi"də Araz Abdullayevi axtardım, ancaq tapa bilmədim. O gün Mirhsüeyni "İnter"də axtardım, tapa bilmədim. Kimləri tapdım? Köhnə hamam, köhnə tas. Elə bir legioner yoxdur ki, onu qarşımıza qoyub istifadə edək. "Qarabağ"da Riçard Almeyda var, amma o zəifləyib. Əvvəlki illərdəki kimi oynamır. Sentyabrın 4-də milli komanda San Marino ilə oynayacaq. O vaxtadək komandalar futbolçuları hazırlamalıdır ki, Robert Prosineçki də öz seçimini etsin".
"Neftçi"nin sabiq baş məşqçisi AZAL - "Neftçi" oyununda baş hakim Rəhim Həsənov tərəfindən meydan sahiblərinin qeydə alınmayan qolu ilə bağlı da fikirlərini söyləyib: "O oyunu çoxları izləyib. AZAL-ın təmiz qolunu hakim qeydə almadısa, bu oyuna necə baxmaq olar?! Hesab 0:0 olanda qol vurulur, amma hakim bunu saymır. Bu, oyunun qırılma nöqtəsi oldu".
Komitə üzvü "Qəbələ" və "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqiblərindən və milli komandanın dünya çempionatının seçmə mərhələsinin San Marino ilə keçiriləcək ilk oyununda danışıb: "Vaxt lazımdır. Bu barədə indidən danışmaq tezdir. Qrupa düşmək olar. Ümid ən sonda ölür. San Marinoya gəlincə, bu oyun asan gəlir. Ancaq bu gün balaca iş böyük problemə çevrilir".