
Georgi Adamiya yenə hegemonluğu ilə diqqət çəkir
Sportnet.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "1992-2016-cı illərdə keçirilən Azərbaycan çempionatlarında çıxış etmiş legionerlərlə bağlı statistik məqamların üzə çıxarılması” layihəsində silsilə yazılarını davam etdirir. Beşinci yazı Azərbaycan milli çempionatları tarixi ərzində ən çox futbolçu ilə təmsil olunan ölkədən – Gürcüstandan olan legionerlərin ölkəmizdəki karyerasına baxışdır.
Otar Korqalidze ilə başlayan yolun...
Azərbaycan milli çempionatına gürcü futbolçuların axını XXI əsrdə olub. 90-cı illərdə isə bu ölkənin təmsilçiləri çox az olub. Milli çempionatımızda ilk gürcü legioner Otar Korqalidze olub. Tiflis "Dinamo”suinun yetirməsi olan 1960-cı il təvəllüdlü bu futbolçu eyni zamanda Azərbaycanda legioner karyerası yaşamış gürcülər arasında ən yaşlısıdır.
Əslində, Korqalidze ölkəmizdə çıxış edən ilk legioner adına da namizəd sayılırdı. Ancaq 1994/95 mövsümünün ikinci yarısında çıxış etmiş bu futbolçu zaman baxımından türkiyəli hücumçu Mustafa Xeyriyə uduzub. Belə ki, Xeyri Bakının "İnşaatçı” klubunda həmin mövsümün birinci yarısında oynamaqla ilk legioner sayılır. Hər halda, Korqalidze milli çempionatımızda ilk dubl edən legioner kimi tarixə düşüb. O, bunu 1995-ci ilin aprelin 18-də Bərdənin "Pambıqçı” klubuna 6:0 hesabı ilə qalib gəldikləri ev matçında reallaşdırıb.
Korqalidzedən öncə, hələ ilk milli çempionatımızın iştirakçısı olmuş Gerasim Tartaraşvili də milliyyətcə gürcü olda, Qax gürcüsüdür. O, Azərbaycan vətəndaşı olub və Qax futbol məktəbinin yetirməsi kimi yerli "Kürmük” klubunda oynayıb. Tartaraşvili 2013-cü ilin yanvarın 27-də bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
...116 yolçusu və milliləşənlər
Cari mövsümün startına olan statistikaya əsasən Azərbaycan Premyer Liqasında 116 gürcüstanlı futbolçu oynayıb. Onlardan 6-sı Rusiya vətəndaşlığı da daşısa da, Gürcüstan vətəndaşı sayılmaları daha düzgündür. Bunlar Qoqa və İrakli Beraya qardaşları, Ramaz Cabnidze, Valeri Abramidze, Laşa Salukvadze, Nuqzar Kvirtiyadır.
Hələ gürcülər arasında müəyyən vaxtlarda milliləşərək bizimkilər sayılanlar da olub. Bunun ən parlaq nümunəsi Badri Kvaratsxeliyadır. Ölkə çempionatımızın bombardir legioneri milliləşdiriilərək Azərbaycan yığmasına cəlb olunub və 3 oyunda meydana çıxıb. Onun qol sayında ən yaxın izləyicisi olan Georgi Adamiyanın da millimizdə oynaması gündəmdə də olsa, alınmayıb. Gürcüstanın U-21 yığmasında çıxış etmiş Adamiya hər halda, Azərbaycan vətəndaşlığını daşıyaraq bir müddət yerli futbolçu sayılıb.
Ümumiyyətlə, milli çempionatımızda 10-a yaxın gürcü futbolçu milliləşib. Onda milli çempionatımızda kütləvi milliləşmə müşahidə olunurdu. 2005-ci ildə "Bakı”nın yarımmüdafiəçisi Aleksandr Qoqoberişvili, "Turan”ın müdafiəçiləri Tengiz Siçinava ilə Zaza Latsabidze Azərbaycan pasportu alıblar.
Adamiya - Kvaratsxeliya rəqabəti
Azərbaycan Premyer Liqasının gürcü iştirakçıları arasında oyun sayında Adamiyanın aşkar hegemonluğu diqqət çəkir. Belə ki, 35 yaşlı hücumçu həm oyunların, həm də mövsümlərin sayına görə 1-ci yerdədir. Adamiyanın milli çempionatımızda 200 oyun keçirməsinə cəmi 2 matç çatmayıb.
Georgi matç sayına ən yaxın izləyicisi olan Kvaratsxeliyanı 66 oyun qabaqlayır ki, bu da böyük fərqdir. Əvəzində Badri məhsuldarlğı ilə təkcə Adamiyanı, həmyerlilərini yox, bütün legionerləri qabaqlayır. Hesabında 71 qol olan Kvaratsxeliyanın rekordu belə gedişlə hələ uzun müddət əlçatmaz olacaq.
Adamiya eyni zamanda Azərbaycanda ən çox klubda oynayan 2 gürcüdən biridir. Digəri yarımmüdafiəçi Aleksendr Qoqoberişvilidir. Hər ikisi "Bakı" və "Qarabağ"da oynasa da, komanda yoldaşı olmayıblar. Adamiya "Neftçi" və "İnter"də, Qoqoberişlisi isə "Olimpik" və "Turan"da da çıxış edib.
Azərbaycan milli çempionatında 6 və daha çox mövsüm oynayan gürcü futbolçular
Georgi Adamiya |
9 |
Qoqa Beraya |
8 |
Badri Kvaratsxeliya |
7 |
Georgi Lomaya |
7 |
Aleksandr Qoqoberişvili |
7 |
Valeri Abramidze |
7 |
Baçana Sxadadze |
6 |
Azərbaycan milli çempionatında 100 və daha çox oyun keçirən gürcü futbolçular
Georgi Adamiya |
198 |
Badri Kvaratsxeliya |
132 |
Qoqa Beraya |
129 |
Baçana Sxadadze |
129 |
Valeri Abramidze |
126 |
Nuqzar Kvirtiya |
126 |
Georgi Lomaya |
125 |
Aleksandr Qoqoberişvili |
123 |
Aleksandr İntskirveli |
100 |
Azərbaycan milli çempionatında 10 ve daha çox qol vuran gürcü futbolçular
Badri Kvaratsxeliya |
71 |
Georgi Adamiya |
61 |
Baçana Sxadadze |
36 |
Kaxaber Cebisaşvili |
16 |
Amiran Muciri |
16 |
İrakli Beraya |
16 |
Nuqzar Kvirtiya |
13 |
Aleksandr Qoqoberişvili |
12 |
David Bolkvadze |
12 |
Georgi Gilasoniya |
12 |
Roman Axalkatsi |
11 |
Jaba Tsiklauri |
11 |
Mixail Xutsişvili |
10 |
Azərbaycan milli çempionatında 3 və daha çox klubda oynayan gürcü futbolçular
Georgi Adamiya |
4 |
Aleksandr Qoqoberişvili |
4 |
Qoqa Beraya |
3 |
Valeri Abramidze |
3 |
Baçana Sxadadze |
3 |
Roman Axalkatsi |
3 |
Kaxaber Cebisaşvili |
3 |
İrakli Beraya |
3 |
Georgi Danibeqaşvili |
3 |
Georgi Adamiyanın Azərbaycan milli çempionatında qazandığı medallar
"Neftçi” – 1 qızıl (2004/05), 1 gümüş (2006/07), 2 bürünc (2005/06, 2007/08)
"Bakı" - 1 qızıl (2008/09), 1 gümüş (2009/10)
"Qarabağ" - 2 bürünc (2009/10, 2010/11)
"İnter" - 1 bürünc (2012/13)
Azərbaycan Premyer Liqasında ən çox mükafat qazanan digər gürcü futbolçular hücumçu Badri Kvaratsxeliya (5 medal - 3 qızıl, 2 gümüş), müdafiəçi Valeri Abramidze (5 medal - 2 qızıl, 3 bürünc) və qapıçı Georgi Lomaya (5 medal - 1 qızıl, 2 gümüş, 2 bürünc) olub.
Kubokda bəxtsiz rekordçu
Adamiyanın Azərbaycan kubokunda heç bəxti gətirməyib. Çünki o, nəinki bu turunin qalibi olmayıb, heç finalına çıxa bilməyib. Azərbaycan kubokunda Kvaratsxeliya və Abramidze ən çox final həyəcanı yaşayıb - hərəyə 2 dəfə. Onlar bunun birində qalib, digərində məğlub olublar. Kvaratsxeliya "Kəpəz"lə 1998-ci ildə kuboku qazanıb, bundan 6 il sonra "Şəmkir"lə finalda uduzub. Abramidze isə 2007-ci ildə "Xəzər Lənkəran"la kuboku qazanıbsa, bundan 4 il sonra "İnter"in heyətində həlledici matçda bu komandaya uduzub.
Azərbaycan kubokunun finalında meydana çıxan gürcülər
1 2 3
Badri Kvaratsxeliya |
1 |
1 |
Valeri Abramidze |
1 |
1 |
Aleksandr Qoqoberişvili |
1 |
0 |
Qoqa Beraya |
1 |
0 |
Otar Korqalidze |
1 |
0 |
Georgi Lomaya |
0 |
1 |
Demuri Kukuvava |
0 |
1 |
Aleksandr İntskirveli |
0 |
1 |
Roman Axalkatsi |
0 |
1 |
Qoça Trapaidze |
0 |
1 |
Geli Qabisoniya |
0 |
1 |
David Odikadze |
0 |
1 |
Kaxaber Mjavanadze |
0 |
1 |
Qeyd: 1 - futbolçu, 2 - kubokun qalibi, 3 - kubokun finalçısı
Lomaya ilə Tsxadadzenin liderliyi
Milli çempionatımızda bir klubda oyun və qol sayında rekord "İnter"in gürcü futbolçularına aiddir. Bunlar artıq "bankirlər"in şərəfini qorumayan qapıçı Georgi Lomaya ilə hücumçu Baçana Tsxadadzedir. Onlar bu klubda keçirdikləri oyun sayına ilk 2 pilllədə qərarlaşıb. Baçana "İnter"də baş məşqçisi olmuş atası Kaxaber Tsxadadzenin rəhbərliyi altında 31 qola imza atıb ki, bu, bir klubda mütləq rekorddur. O, Azərbaycan Premyer Liqasında ilk 5 qolunu isə icarədə oynadığı Zaqatalanın "Simurq" klubunda vurub.
Azərbaycan milli çempionatında bir klubda ən çox oynayan gürcü futbolçular
"İnter" (Bakı) Georgi Lomaya |
125 |
"İnter" (Bakı) Baçana Tsxadadze |
116 |
"Karvan" (Yevlax) Aleksandr İntskirveli |
100 |
Azərbaycan milli çempionatında bir klubda ən çox qol vuran gürcü futbolçular
"İnter (Bakı) Baçana Tsxadadze |
31 |
"Kəpəz" (Gəncə) Badri Kvaratsxeliya |
20 |
"Bakı" Amiran Muciri |
15 |
Təbii ki, Lomaya gürcü qapıçılar arasında Azərbaycan milli çempionatında ən çox oynayandır. O, 2009-16-cı illərdə şərəfini qoruduğu "İnter"də 125 oyun keçirib və 91 qol vurub. Əslində, legioner limiti olmasaydı, Lomaya daha çox oyun keçirəcəkdir. Onunla ötən mövsüm "İnter"də komanda yoldaşı olmuş yarımmüdafiəçi Nika Kvekveskiri isə 29 oyunda 4 qol vurmaqla yanaşı, 1-i buraxıb. Məsələ ondadır ki, Kvekveskiri 1 qarşılaşmada qırmızı vərəqə alan qapıçının əvəzinə "çərçivə"də dayanıb və həmin qolu onda buraxıb. Hər halda, onun qapısına təyin olunan penalti dəqiq olmayıb.
Azərbaycan milli çempionatının gürcü qapıçıları
Mixail Alavidze |
4 |
-5 |
Revaz Tevdoradze |
6 |
-6 |
Amiran Qventsadze |
13 |
-27 |
Timuri Çlaidze |
38 |
-28 |
Zurab Mamaladze |
21 |
-28 |
Georgi Lomaya |
125 |
-91 |
Qapıları səhv salanlar
Milli çempionatımızdakı gürcü legionerlərdən ən çox qapıları səhv salan Aleksandr İntskirveli olub. O, ölkəmizdə çıxış etdiyi Yevlaxın "Karvan" klubunda 2 avtoqol müəllifi olub. İntskirvelinin 10 həmyerlisi isə hərəyə 1 dəfə topu öz qapısından keçirib.
Azərbaycan milli çempionatında avtoqol edən gürcü futbolçular
Aleksandr İntskirveli |
2 |
Nuqzar Kvirtiya |
1 |
Aleksandr Qoqoberişvili |
1 |
Valeri Abramidze |
1 |
Laşa Kasradze |
1 |
Vaja Lomaşvili |
1 |
David Çiçveyşvili |
1 |
David Svanidze |
1 |
Qoderdi Qoqoladze |
1 |
Oleq Qlevesiani |
1 |
Arçil Lobjanidze |
1 |
