"Qarabağ"ın futbolçusu Dani Kintana Avropa Liqasının qrup mərhələsində Çexiya "Slovan"ı ilə 2:2 hesablı heç-heçə etdikləri ilk tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Oyunu necə dəyərləndirərdin: Bir xal qazandınız, yoxsa iki xal itirdiniz?
- Matça ümumi baxdıqda deyə bilərəm ki, iki xal itirdik. Amma məğlub da ola bilərdik. Son dəqiqədə qol vurmaqla hesabı bərabərləşdirdik. Məncə, pis nəticə deyil.
- Qapınıza erkən qol vurulanda nə düşündünüz?
- İlk saniyələrdən qol buraxmaq yaxşı hal deyil. Çünki sonradan toparlanmaq asan olmur. Amma çox keçmədən biz də cavab qolunu vurduq. Hətta ilk hissəni qalib kimi də başa vura bilərdik. Təəssüf ki, buna nail ola bilmədik.
- Müdafiə xəttində boşluqlar var idi. Bədavi Hüseynovun yoxluğu meydanda hiss olunurdu?
- Bədavi klubumuzun aparıcı oyunçularından biridir. Amma demək olmaz ki, onun yoxluğu müdafiə xəttinə təsir göstərirdi. Müdafiəçilərimizin səhvindən də qol buraxmadıq. Ümumi komandanın səhvləri var idi.
- Çox qol şanslarını boşa verirsiniz. Buna nə vaxt son qoyulacaq?
- Ötən oyun 3 qol vurduq. Oyun alınmayanda belə olur. Biz neynəyə bilərik? Problem deyil, çıxın, siz bizim yerimizə oynayın.