"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsində "Slovan"la oyundan sonra brifinq keçirib. 2:2 hesabı ilə nəticələnən matçda son saniyələrdə bərabərlik qolunun müəllifi olan təcrübəli müdafiəçi Sportnet.az-ın əməkdaşının da sualını cavablandırıb.
- İlk olaraq matç haqda fikirlərini bildirərdinn...
- Necə gözləyirdiksə, elə də oyun keçdi. Bilirdik ki, rəqib bizi yaxşı analiz edib. Ümumiyyətlə, "Slovan"ın oyun üslubu mərkəzdə güclü pressinq etməkdən, rəqibə hücum qurmaq imkanı verməməkdən və əks-hücumlarda oynamağa çalışmaqdan ibarətdir. Elə oldu ki, görüş başlayan kimi gözlənilməz qol buraxdıq. Bundan sonra irəli atıldıq və tezliklə bərabərlik qolunu vurduq.
Hücumlarımızı azaltmasaq da, tam kəsərli hücumlar alınmırdı. Topa hər iki komanda nəzarət edirdi. İlk hissədə ehtiyatlı oynamağa çalışdıq. Ancaq ikinci hissə başlayan kimi baş məşqçimizin istəyi ilə irəli atıldıq. Çünki qələbə topunu vurmaq istəyirdik. Imkanlarımızı qaçırdıq. Bundan sonya kobud səhvimizdən qol buraxdıq. Yenə irəli atıldıq və son saniyələrdə hesabı bərabərləşdirə bildik.
- Bəlkə mövqeyinə dəyişib hücumçu və ya hücumameylli oynayasan?
- Ona gücüm çatmaz. Yoxsa hər bir futbolçu irəlidə oynamaq istəyər. Ancaq bunu hər adam bacarmaz.
- Bugünkü oyunda Azərbaycansayağı künc zərbəsi uğur gətirə bilərdi...
- Bu, onun bir az başqa formasıdır. Sadəcə, qapıçı o topu çox uğurla çıxardı.
- 2:2 hesablı nəticəni necə sayırsan?
- Çox yaxşı. Hesabda 1:2 geridə olduqdan sonra fikirləşdim ki, bizim üçün hər şey bitdi. Əsas rəqiblrimizdən birinə evdə məğlub oluruq və 3 xal irəli buraxırıq. Ancaq şükür ki, buna imkan vermədik. Elə hesab edin ki, həm biz 1 xal qazandıq, həm də rəqib 2 xal itirdi. Bunu nəzərə alsaq, fikirləşirəm ki, yaxşı qurtardıq. Adət almışıq ki, çoxlu qol imkanlarını qaçırırıq və çox asan qollar buraxırıq. Rəqibin 2 qolundan başqa hansısa kəsərli hücumunun olduğu yadıma gəlmir. Sadəcə, kobud səıhvlərimiz oldu.
- Növbəti oyun səfərdə "Fiorentina” ilə olacaq...
- Bəlkə də qrupun ən çətin səfər matçı olacaq. Yaxşı oynayıb yaxşı nəticə qazanmaq üçün maksimal cəhətdən çalışacağıq.
- Məqsəd qruodan çıxmaqdırsa, Florensiya səfərində nəticə qazanmaq qarşıda vəzifə kimi duracaq...
- Qabağımıza hədəf qoymamışıq ki, mütləq qrupdan çıxmalıyq. Görürsən ki, belə şeylər həmişə futbolçuları təzyiq altına salır. Bizim qarşımıza qrupdan çıxmaq hədəfi qoyulmayıb. Qarşımıza o məqsədi qoyublar ki, hər oyuna yaxşı hazırlaşaq, köklənək və istənilən nəticəni əldə bilək. Qalanı Allahın əlindədir.
- "Tofiq Bəhramov"da oynamağı arzuladınız?
- Biz orda oynamaq istəyirdik. Sadəcə, buna icazə vermədilər. Halbuki, indi orada ot örtüyünün durumu əvvəlinə baxanda pis deyildi. Təəssüf ki, qoymadılar. Ev oyununun əsas üstünlüyü ondadır ki, öz meydanına öyrəncəli olursan.
"Dalğa Arena”da da pis oynamadıq. Bəzi elementlər xal itirməyimizə səbəb oldu.
- Çexiya komandalarını fərqləndirən hansı xüsusiyyətlərdir?
- Uşaqlıqdan ən zəhləm getdiyim Çexiya komandalarıdır. Bu il tərslikdən Çempionlar Liqasında, Avropa Liqaısnda və milli komandada çexlərlə düşmüşük.
- Niyə zəhlən gedir?
- Çünki oynamağa imkan vermirlər. Sənin əlini-qolunu bağlayırlar. Özləri də çox yaxşı əks-hücumlara çıxırlar. Onlar bizim kimi komandalara qarşı oynamağa xoşlayırlar.
- "Viktoriya" ilə "Slovan”ı necə müqayisə edərdin?
- "Slovan”a qarşı oynamaq daha çətindir. "Viktoriya” özü də oynayır, sənə də imkan verir. Ancaq "Slovan” oynamağa imkan vermir.