"Rəqibi qalib gəlmələri münasibətilə təbrik edirəm. Belçika klubu qanunauyğun qələbə qazandı. "Anderlext” bizdən güclü idi. Hər şey oyuna görə oldu. Rəqib bütün oyun komponentlərində bizdən güclü idi". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsində ilk turunda "Anderlext"ə səfərdə 1:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında bildirib.
Onun fikrincə, rəqibin qazandığı qələbə tam düzgün idi: "Bizim oyun üslubu hücum futbolundan ibarətdir. Hücumda olmaq, oyunu idarə etmək istəyirik. Belə oynamaq bizim istəyimizdir. Lakin rəqib bizdən üstün olduğu üçün istədiyimizi - öz futbolumuzu göstərə bilmədik. Üslubu dəyişmək, mqapanmaq istəməzdik. Növbəti matçlarda, o cümlədən "Anderlext”lə ikinci matçda da öz futbolumuzu göstərməyə çalışacağıq. Ümid edirəm ki, bu yolla inkişaf edəcəyik. Paralel olaraq çempionat və avrokuboklarda oynayacağıq".
Ukraynalı mütəxəssis bildirib ki, "Mayns”la növbəti matçı evdə keçirəcəklər və həmin qarşılaşmada azarkeşlərimizi yaxşı oyun və nəticə ilə sevindirmək istəyirlər: "Anderlext”i digər rəqiblərimizlə müqayisə edə bilmərəm. Bu, həmin komandaların təhlilindən sonra mümkündür. Oyunçularıma demişdim ki, "Anderlext”in aşkar zəif yeri yoxdur. Müəyyən çatışmazlıqlar var. Lakin müdafiə və hücumda böyük boşluqlar tapmaq həqiqətən də çətin idi. Bu matç iki həftə əvvəl olsaydı, rəqibin oyununda boşluq tapa bilərdik. Lakin son çempionat görüşündə də onlar göstərdi ki, heyət tam formalaşıb. Buna əsasən biz öncədən rəqibin heyətini də, necə oynayacağına da bilirdik. Cəmi 2-3 həftə əvvəlki "Anderlext” indikindən zəif idi”.