"Kəpəz"in müdafiəçisi Şəhriyar Rəhimovun Sportnet.az-ın Gəncəyə ezam olunmuş əməkdaşına müsahibəsi
- Bu nəticə münasibəti ilə komandanızı təbrik etmək olar. Hər halda, Premyer Liqamızda son 3 mövsümün qalibindən xal aldınız...
- 1 xal bizim üçün yaxşı nəticədir. Ancaq oyunun axarı elə idi ki, ikinci hissəyə yaxşı başladıq, qol da vurduq. Bundan sonra 1-2 dəfə "Qarabağ"ı yaxşı əks-hücumlarda yaxaladıq. Hardasa qələbəyə ümidli idik. Ancaq "Qarabağ"ın son 10-15 dəqiqəqə açıq-aşkar üstünlüyü var idi. Bunu da demək lazımdır. Bütün bunları nəzərə alsaq, heç-heçə bizim üçün pis nəticə deyil.
- Hər halda, "Qarabağ"a ötən mövsüm 4 oyunun hamısına uduzduğunuzu nəzərə alsaq, bu, pis nəticə deyil. Ancaq istənilən halda, "Kəpəz" bu rəqibə artıq 14 ildə qalib gələ bilmir. Səncə, bu, tilsimdir, yoxsa?
- Deməzdim ki, tilsimdir. Bilirsiniz ki, "Qarabağ"ın son illərdə hegemonluğu var. Bu komanda nəinki "Kəpəz"lə, hər oyunda favoritdir, rəqibindən bir baş güclüdür. "Qarabağ"a qarşı yaxşı köklənmişdik. Bilirdik ki, bu matç bizim üçün əlavə bir motivasiyadır. Çünki dediyiniz kimi, ötən çempionatda 4 oyunun hamısında bizi məğlub etmişdi. Düzdür, 3 xal istəyirdik, bunun üçün çalışdıq. Ancaq 1 xal da bizim üçün önəmli məsələdir.
- Buraxdığınız qolda müdafiə xəttinin nə dərəcədə səhvi oldu?
- Ümumiyyətlə, qol buraxırıqsa, deməli, səhv var. Onu da qeyd etmək istərdim ki, "Qarabağ" həmin epizodda çox ustalıqla "divar paslaşması"ndan istifadə etdi. Qol buraxmışıqsa, əlbəttə, müdafiənin da səhvi var.
- Adaşın Şəhriyar Əliyevin ilk hissədə zədələnərək əvəzlənməsi müdafiə xəttindəki oyununuza nə dərəcədə təsir göstərdi?
- Əlbəttə, Şəhriyar Əliyev komandamız üçün önəmli futbolçudur, əsas müdafiəçilərimizdən biridir. Onun zədələnərək meydanı tərk etməli olmasını istəməzdik. Bu, yaxşı olmadı. Ona şəfa diləyirik. Çalışdıq ki, onun yoxluğunu meydanda hiss etdirməyək. Əliyevi əvəzləyən Azad Kərimov da pis oyun göstərmədi. Deməzdim ki, Şəhriyarın yoxluğu nəticəyə öz təsirini göstərdi.
- Çoxları deyir ki, "Kəpəz" ötən mövsümkü iddialı "Kəpəz" deyil. Bu fikirlə nə dərəcədə razısan və ümumiyyətlə, bu mövsümdə əsas iddianız nədir?
- Ola bilər ki, həminki komanda deyil. Hər halda, ötən mövsümdən sonra itkilərimiz oldu. Gələn yeni futbolçulara isə bir az vaxt lazımdır. Fikir verdiyiniz kimi, onlar komandada get-gedə, turdan-tura uyğunlaşırlar. İddiamız yenə Avroliqayadır. Ən azı 4-cü yeri tutmaq istəyirik. Mükafatçılar sırasına düşsək, lap yaxşı olar. Buna nail olmaq üçün çalışacağıq. Ancaq ən azı 4-cü yeri tutmaq üçün mübarizə aparacağıq.
- Millimizə dəvət almırsan. Halbuki yer aldığın sol cinah müdafiəçisi mövqeyi həmişə bizim üçün problemli sayılıb. Üstəlik, sən də solaxay futbolçusan...
- Millidə oynamağı hər bir futbolçu istəyər. Dəvət olsa, məmnuniyyətlə oynayaram. Ancaq düzünü deyim ki, niyə məni yığmaya çağırmadıqları ilə maraqlanmıram. Belə bir şey yoxdur. Hər şey özümdən asılıdır. Kiminsə üzərinə yıxmaq fikrim yoxdur. Özümü yaxşı tərəfdən göstərsəm, baş məşqçinin etimadını doğrultsam, niə də çağırmasın?
- Bir vaxtlar isə "İnter"də dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edirdin. Ancaq uzun müddətdir müdafiənin sol cinahında çıxış edirsən. Demək olarmı ki, bu mövqe artıq sənin üçün doğmalaşıb?
- Bəli, mən də belə deyərdim. İndi dayaq yarımmüdafiəçisi mövqeyində olsam, əvvəlki kimi oynaya bilmərəm. Mən hələ AZAL-da çıxış etdyim vaxtdan müdafiənin sol cinahında yer alıram. Bu mövqedə oyanamaq mənə artıq rahatdır.
Mehman Sülemanov, Gəncə