Almaniyanın "Maynts" klubunun futbolçusu Yunis Mallı Avropa Liqasının qrup mərhələsində "Qəbələ"uə "Bakcell Arena"da 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra azərbaycanlı jurnalistlərə müsahibə verib. Türkiyəli yarımmüdafiəçi Sportnet.az-ın oyunda olan əməkdaşının da suallarını cavablandırıb.
- İlk olaraq matç haqda təəəsüratlarını bölüşərdin...
- "Qəbələ" ilə oyunun çətin olacağını matçdan da əvvəl bilirdik. Hər kəs bunu yaxşı başa düşürdü. Bakıda 3 xal aldığımıza görə çox şadıq. İkinci hissənin əvvəlkində bir az çətin anlar yaşadıq. Qısa zamanda qapımızda 2 qol gördük. Təəssüf ki, həmin dəqiqələrdə pis oynadıq. Ancaq iki qol buraxmağımıza baxmayaraq, özümüzü toparlaya bildik. Özümüz də iki qol vuraraq matçı qazandıq.
- Səncə, oyunda dönüş nöqtəsi nə oldu?
- Hesabda 1:2 geridə olandan sonra sınmadıq, hücumlarımızı davam etdirdik, təzyiqi artırdıq. Yaxşı ötürmələr etdik, yüksək tempdə oynadıq. Bu üzdən qol imkanlarımız da oldu və bundan yararlana bildik. Nəticədə 3 xalla burdan ayrılırıq.
- "Qəbələ"ni əvvəl kənarda izləmnişdinizsə, bu dəfə ona qarşı 90 dəqiqə oynadın. Bir komanda olaraq necə təsir bağışladı? "Qəbələ"dən belə oyun gözləyirdin?
- Biz rəqibin güclü olduğu bilirdik. Öz çempionatında 1-ci pillədədir. Az qala hər oyunda qalib gəlib, 17 qol vurub, top da buraxmayıb. Bütün bunları yaxşı bilirdik. Təbii ki, bu, işimizin çətin olacağını demək idi. Bakıda gözəl atmosferdə oynadıq. Üstəlik, penaltidən, ardından daha bir qoldan sonra həm futbolçular, həm də tribunalar coşdular. Ona görə də burada 3 xal almaq çətindir. Buna bacardığımıza görə çox xoşbəxtik.
- "Qəbələ" növbəti oyunlarını "Sent-Etyen"lə keçirəcək. Siz bu komandaya qarşı oynamısınız, evdə 1:1 hesablı heç-heçə etmisiniz. "Qəbələ"nin Fransa klubu ilə matçlarda şanslarını necə dəyərləndirirsən?
- Bu qrupda hər kəsin hər kəsi yenmək şansı var. Təbii ki, "Qəbələ" də "Sent-Etyen"lə matçda yaxşı nəticə əldə edə bilər. Təbii ki, bugünkü kimi oynayarsa. Məncə, bu gün heç də pis oynamadılar. Ancaq əlbəıttə. biz ilk növbədə özümüzə baxmalıyıq. İki oyunda 4 xal aldıq. Bu, bizim üçün yaxşı bir başlanğıcdır. Gələcək matçımız "Anderlext"lə olacaq. Vəziyyətə baxarıq. İnşallah, ondan da 3 xal ala bilərik.
- Azərbaycan haqda düşüncələrin necədir?
- Həqiqətən qardaş ölkədir. İlk dəfə bura gəldim. Bakı doğrudan da gözəl bir şəhərdir. İnşallah, bir gün gözmək də fürsət olar. Bu dəfə sadəcə, matç üçün gəldik.