Azərbaycan Prezidenti İlham Əliyev Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Sportnet.az "AzərTAc"a istinadən verir ki, nümayəndə heyətinin Azərbaycana səfər proqramının geniş olduğunu, çoxsaylı tədbirlərin keçiriləcəyini vurğulayan Prezident İlham Əliyev qonaqların ölkəmizə səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirib.
Dövlət başçısı Aleksander Çeferini UEFA prezidenti seçilməsi münasibətilə təbrik edib, onun bu posta seçildikdən az sonra Azərbaycana səfər etməsinin önəmini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanda futbolun inkişafına böyük əhəmiyyət verildiyini bildirərək, bu məqsədlə ölkəmizdə yeni stadionların tikildiyini, uşaqlar üçün xüsusi inkişaf proqramlarının hazırlandığını qeyd edib, gənclər və uşaqlar üçün yaradılan şəraitin bir neçə ilə yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
UEFA prezidenti Aleksander Çeferin ölkəmizə ilk dəfə səfər etdiyini, səfər proqramının zəngin olduğunu, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ" - "Maynts" (Almaniya) oyununu izlədiyini və oyunun yaxşı keçdiyini deyib.
Ölkəmizə səfər etməsindən məmnunluğunu vurğulayan A.Çeferin AFFA-nın böyük işlər gördüyünü, bu işləri yaxından izlədiklərini qeyd edib. O, öz ölkəsində - Sloveniyada futbol sahəsində görülən işlərin tədricən nəticə verdiyini, bunun üçün gənclər və uşaqlarla işləməyin vacibliyini vurğulayıb. UEFA prezidenti təşkilatçılıq işlərindən məmnunluğunu bildirib, infrastrukturun mükəmməl və çox yüksək səviyyədə olduğunu deyib.
Prezident İlham Əliyev də UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş "Qəbələ" - "Maynts" oyununa toxunub. O, gənc komanda olmasına baxmayaraq, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını böyük uğur kimi dəyərləndirib.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.