Azərbaycan Premyer Liqasının cari mövsümündə qol buraxmayan komanda qalmayıb. Sportnet.az-ın məlumatına görə, "Qəbələ" ilk qolunu ikinci dövrənin startında buraxıb. Bu, VIII turda "İnter"lə hazırda davam edən səfər matçının 48-ci dəqiqəsində reallaşıb. Meydan sahiblərinin hücumçusu Ağabala Ramazanov rəqibin ukrayunalı qapıçısı Dmitri Bezotosnının qaytardığı topu tora göndərib.
Bununla da təcrübəli qolkiperin rekordu qırılıb. Onun "quru seriya"sı 915-ci dəqiqədə dayandıb. Bezotosnı sonuncu dəfə Premyer Liqada ötən mövsüm XXXIV turunda "Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintanadan qol buraxmışdı.
"Qırmızı-qaralar” Premyer Liqanın ilk 7 turunda qol buraxmamaqla Azərbaycan çempionatları tarixinin rekordunu təkrarlamışdı.. Belə ki, indiyədək yalnız 2010/2011 mövsümünün startında qol buraxmayan "Xəzər Lənkəran” bunu bacarmışdı. "Qəbələ"nin 9 oyun qol buraxmamağı milli çempionatlarımız tarixinin 5-ci nəticəsinin təkrarı, "Qəbələ”nin 2-ci göstəricisi olub. Komanda 2010/2011 mövsümündə ardıcıl 10 matçda qol buraxmamışdı. Bu rekordu təkrarlamaq üçün "İnter"lə matçda da qapını toxunulmaz saxlamaq lazım idi ki, bu, mümkün olmayıb.
Bezotosnının "quru seriya"sı "Qəbələ”nin tarixində 2-ci göstərici olub. 2010/11 mövsümündə qeydə alınan klub rekordu isə Pavel Doroşevə məxsusdur. Latviyalı qapıçı 952 dəqiqə qol buraxmayıb. Onun rekordunu təkrarlamaq üçün Bezotosnıya 37 dəqiqə çatmayıb.
Mehman SÜLEYMANOV