"Qarabağ”ın legioneri Dino Ndlovu Azərbaycan Premyer Liqasının VIII turunda "Sumqayıt”la oyundan sonra brifinq keçirib. Cənubi afrikalı hücumçu Sportnet.az-ın oyunda olan əməkdaşının da suallarını cavablandırıb.
- "Sumqayıt”a 3:0 hesabı ilə qalib gəldiyiniz oyun haqda fikirlərini bildirərdin...
- Meydançada nə etmək lazım olduğunu bilirdik. Üzərimizə düşəni etdik. Ən vacibi odur ki, 3 xal qazandıq.
- Bu gün Azərbaycan Premyer Liqasında qol hesabını açdın. Adətən futbolçuya yeni klubunda "ayağının açılması" üçün 1 qol yetərli olur. Demək olarmı ki, bundan sonra qollarını sıralayacaqsan?
- Daha əvvəl "Fiorentina” ilə oyunda da qol vurmuşdum. Ancaq bu gün vurduğum qol daha önəmli idi. Ümumi götürəndə, əsas olan komandamızın qələbəsi idi. 3 xal fərqlənməyimdən daha vacibdir.
- Sanki zədən var..
- Heç bir zədəm yoxdur.
- Qol vura bilməyəndə hücumçularda gərginlik olur. Bu baxımdan səndə vəziyyət necə idi?
- Bir hücumçu kimi vəzifəm qol vurmaqdır. Məni komandaya bunun üçün dəvət ediblər. Bir matçda yaxşı oynayanda, ancaq qol vurmayanda, təbii ki, üzülürəm. Bu gün isə öz işimin öhdəsindən gəldim və fərqləndim.
- "Qarabağ” bugünkü uğurlu oyununu PAOK-la qarşıdakı çətin matçda da davam etdirə biləcək?
- Artıq "Sumqayıt”la oyun geridə qaldı. Sabahdan etibarən PAOK-la oyunun hazırlığına başlayıb həmin matçı düşünəcəyik. Çalışacağıq ki, həmin qarşılaşmada da uğur qazanaq.
- "Fiorentina” və "Qələbə”yə uduzduqdan sonra hər kəs fikirləşirdi ki, "Qarabağ”da eniş başladı. Doğrudanmı belə idi? Artıq hər şeyin geridə qaldığını demək olar?
- Bu cür məğlubiyyətlər yaşananda hər kəs öz fikrini ifadə etməyə başlayır. Amma "Fiorentina” ilə oyunda qırmızı vərəqə bütün planlarımızı pozdu. Qəbələdə də şanssızlıq yaşadıq və qapımızda qollar gördük. Bunu mənfi yox, müsbət fikirləşmək lazımdır ki, belə vəziyyətlərdə gözümüzü açırıq, səhvlərimizi görürük. Belə vaxtda oyunlara daha yaxşı hazırlaşırıq.