Azərbaycan Premyer Liqasının hazırda davam edən "Zirə" - "Neftçi" matçında maraqlı olay yaşanıb.
Sportnet.az-ın məlumatına görə, oyunun baş hakimi olan FİFA referisi Rəhim Həsənov fasiləyə az qalmış qonaqların qapısına penalti təyin edib. 11 metrlik cərimə zərbəsini qazanan Nurlan Novruzov özünə qarşı edilən kobudluğa görə təyin olunmuş standart vəziyyəti yerinə yetirmək istəyib. Ona yaxınlaşan Təmkin Xəlilzadə topu komanda yoldaşından almağa çalışaraq özü zərbəni vurmaq arzusunda olub.
Ancaq penaltini yerinə yetirmək sonda nə Nurlana, nə də Təmkinə nəsib olub. Topu götürən legioner, serbiyalı müdafiəçi Yovan Krneta keçmiş Yuqoslaviyanın digər təmsilçisi, "Neftçi"nin xorvatiyalı qapıçısı Krşevan Santiti ilə dueldən qalib ayrılıb.
Beləliklə, bu səhnəcik "Abbas Səhhət"in "Ayı və şir" təmsilində baş verənləri xatırladıb. Sadəcə, həm ayı, həm şir, həm də onların payına sahib çıxan tülkü rollarını futbolçular icra edib.