Sportnet.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "1992-2016-cı illərdə keçirilən Azərbaycan çempionatlarında iştirak etmiş əcnəbi baş məşqçilərlə bağlı statistik məqamların üzə çıxarılması" layihəsində silsilə yazılarına start verir. Birinci yazı ölkə çempionatındakı ilk əcnəbi baş məşqçi haqda geniş məlumatın verilməsi, onun bir klubda 3 müxtəlif dövrdə fəaliyyəti dövründəki maraqlı məqamların üzə çıxarılması ilə bağlıdır.
XXI əsrdə başlayan yol, 3 həftəlik fəaliyyət
Azərbaycan milli çempionatına 90-cı illərdə əcnəbi futbolçular gəlsə də, əcnəbi məşqçilər olmayıb. İlk gəliş XXI əsrin əvvəlinə - başa çatmayan 2001/02 mövsümünə təsadüf edib. Buna imza atan milliyətcə türk olan Naci Şensoy olub. 58 yaşlı mütəxəssisin Azərbaycanda 3 müxtəlif dövrdə baş məşqçi fəaliyyəti Tovuzun "Turan” klubunda keçib.
Şensoy 1958-ci ilin fevralın 20-də keçmiş Yuqoslaviyada, Kosovanın Prizren şəhərində anadan olub. Kosova türkü olan, Türkiyə ilə yanaşı, bu ölkənin də vətəndaşlığını daşıyan səbəbkarın futbolçu karyerası qısamüddətli – cəmi 5 il olub. Bu, 1988-93-cü illərdə tarixi vətəni Türkiyədə "Manisaspor”, "Vanspor” və "Tarisspor” klublarında keçib. Yaşıl meydanda çıxışını 25 yaşında bitirməli olan Şensoy məşqçilik karyerasına 2000-ci ildə "İstanbulspor”a köməkçi kimi başlayıb. Bundan sonra aşağı liqa təmsilçisi "Əlibəyköy”ün baş məşqçisi olan mütəxəssis ordan ayrıldıqdan sonra Azərbaycana üz tutub. Bu, 2002-ci ilin fevralında olub və ilk fəaliyyət cəmi 4 oyunu əhatə edib. "Turan” rəhbərliyi Şensoyun qarşısına "altılığ”a düşmək vəzifəsi qoysa da, baş məşqçi buna nail ola bilməyib və heç 1 ay çəkməmiş, 3 həftədən sonra postundan gedib. Halbuki, mütəxəssis 2002-ci ilin fevralın 27-də debütünə - "Dinamo-Bakılı” ilə ev oyununda böyükhesablı qələbə ilə başlamışdı. Şensoy son matçında da qalib gəlsə də, bu, "Turan”ın ilk 6 komanda sırasına düşməsinə imkan verməyib.
Şensoyun "Turan”da ilk baş məşqçiliyi dövründəki oyunları
27.02.2002 |
Turan
(Tovuz) - Dinamo-Bakılı |
4:0 |
03.03.2002 |
Neftçi
(Bakı) - Turan (Tovuz) |
1:0 |
10.03.2002 |
Turan (Tovuz) - Qarabağ-Azərsun (Ağdam) |
0:0 |
17.03.2002 |
Ümid
(Bakı) - Turan (Tovuz) |
0:2 |
"Turan"a 2-ci gəliş və ən uğurlu dönəm
Şensoyun 2-ci gəlişi 2004-cü ilin yayına təsadüf edib. Həmin vaxt AFFA-da rəhbər dəyişikliyi olması nəticəsində Fuad Musayevi prezident vəzifəsində Ramiz Mirzəyev əvəzləmişdi. Futbolumuzda olan "bum” nəticəsində klubların maddi durumları xeyli yaxşılaşmışdı. "Turan”a həmin vaxt sponsor olan "Taimex” şirkətinin sahibi, klub prezidenti Tahir Yusifov Şensoyu komandanın "sükanı arxası”na gətirib. Türkiyəli mütəxəssis həmin 2004/05 mövsümünü əvvəldən sonadək keçirib və bu, onun tam keçirdiyi ilk, eyni zamanda yeganə mövsüm olub. "Turan” Şensoyun rəhbərliyi altında keçirdiyi 34 oyunda 73 xal toplayıb və çempionatı 4-cü yerdə bitirib. Ancaq bu, Tovuz klubuna avrokuboklara vəsiqə qazandırmayıb.
Bununla belə, "Turan” rəhbərliyi Şensoyla yollarını ayırmayıb və baş məşqçi 2005/06 mövsümünə də başlayıb. Ancaq ikinci mövsümündə sonadək postunda ola bilməyib. "Turan” rəhbərliyi ilk dövrədən sonra siyasətini dəyişib, gəncləşdirməyə üstülük aparıb, heyətlə bağlı ciddi islahatlar aparıb. Nəticədə legionerlərlə vidalaşan tovuzlular Şensoyla da yollarını ayırıb.
Mütəxəssis "Turan”dakı 2-ci dönəmində 47 çempionat matçı keçirib. Bunun 28-də qələbə, 11-də heç-heçə, 8-də məğlubiyyət və 95 xal qeydə alınıb (topların fərqi 76-31). Tovuz klubuna qayıdışında Qazaxda "Xəzər Lənkəran”la 1:1 hesablı heç-heçə edən Şensoy sülhlə də gedib. Bu, Qusarda "Şahdağ-Samur”la qolsuz bərabərlik olub. Göründüyü kimi, baş məşqçi 2-ci dönəmində də mövsümün ortasında "Turan”dan ayrılıb.
Naci Şensoyun "Turan"da 2-ci dönəmində ilk və...
07.08.2004 |
Turan (Tovuz) - Xəzər Lənkəran |
1:1 |
...son oyunu
17.12.2005 |
Şahdağ-Samur (Qusar) - Turan (Tovuz) |
0:0 |
6 il gözləyəsən, 3 aydan sonra gedəsən
Şensoy "Turan”da 3-cü dəfə baş məşqçi olması üçün 6 il gözləməli olub. Həmin vaxt nə klubun prezidenti Tahir Yusifov, nə də "Taimex” sponsor idi. Bununla belə, tovuzlular ona çox yaxşı tanış olan, çox istədikləri Şensoyu yenidən yada salıblar və ona dəvət göndəriblər. İlk gəlişində olduğu kimi, fevralda Tovuza gələn mütəxəssis bu dəfə 3 ay fəaliyyət göstərib. MOİK üzərində səfər qələbəsi ilə başlayan Şensoy "Muğan”a ev məğlubiyyəti ilə postundan ayrılıb. 2011-ci ilin mayın 1-də Tovuzda keçirilən həmin oyundan sonra gediş birdəfəlik olub.
Şensoy son dönəmində komandanı çempionata 10 matça çıxararaq heç-heçə etməməsi ilə diqqət çəkib – 4 qələbə, 6 məğlubiyyət, 12 xal (topların fərqi 7-12).
Naci Şensoyun "Turan”a 3-cü gəlişində ilk...
12.02.2011 |
MOİK
(Bakı) - Turan (Tovuz) |
0:2 |
... və son oyunu
01.05.2011 |
Turan
(Tovuz) - Muğan (Salyan) |
0:1 |
Müsbət saldo, maraqlı seriyalar
Beləliklə, Şensoy "Turan”da fəaliyyəti fasilələrlə olmaq şərtilə 2002-2011-ci illəri əhatə edib. Bu müddətdə 61 oyun çempionat oyununda postunda olan mütəxəssis müsbət saldoya malikdir. O, matçların yarıdan çoxunda – 34-də meydanı qalib tərk edib, 12 dəfə heç-heçə edib, 15 məğlubiyyət alıb və ümumilikdə 114 xal toplayıb. "Turan” həmin vaxt rəqib qapılarına 89 dəfə yol tapıb və 44 qol buraxıb.
Naci Şensoyun Azərbaycan milli çempionatındakı nəticələri
2001/02 mövsümü |
4 |
2 |
1 |
1 |
6 |
1 |
7 |
2004/05 mövsümü |
34 |
22 |
7 |
5 |
58 |
21 |
73 |
2005/06 mövsümü |
13 |
6 |
4 |
3 |
18 |
10 |
22 |
2010/11 mövsümü |
10 |
4 |
0 |
6 |
7 |
12 |
12 |
Cəmi |
61 |
34 |
12 |
15 |
89 |
44 |
114 |
Qeyd: 2004/05 mövsümündə iki texniki nəticə (+:-) top fərqinə salınmayıb.
Şensoyun "Turan”ı 10 dəfə böyük hesabla qalib gəlib. Bunların yarısı 4, yarısı isə 3 top fərqi ilə olub. Ən böyükhesablı qələbə evdə MOİK üzərində olub – 5:1. Qalan 4 dəfə isə 4:0 hesablı qələbələr qeydə alınıb. Rəqiblərdən "Dinamo-Bakılı”, "Şəfa”, "Ədliyyə” autsayderlər olubsa da, həmin vaxt İqor Ponomaryovun baş məşqçisi olduğu "Qarabağ” mükafatlara iddialı idi.
Naci Şensoyun "Turan”da ən böyükhesablı qələbələri
27.02.2002 |
Turan
(Tovuz) - Dinamo-Bakılı |
4:0 |
11.09.2004 |
Turan
(Tovuz) - Şəfa (Bakı) |
4:0 |
15.05.2005 |
Turan
(Tovuz) - Ədliyyə (Bakı) |
4:0 |
24.05.2005 |
Turan
(Tovuz) - Qarabağ (Ağdam) |
4:0 |
28.08.2005 |
Turan
(Tovuz) - MOİK (Bakı) |
5:1 |
Naci Şensoyun "Turan”da böyükhesablı məğlubiyyəti
25.02.2011 |
Qarabağ
(Ağdam) - Turan (Tovuz) |
5:1 |
Şensoyun ən uzun qələbə seriyası uğurlu dönəmi olan 2004/05 mövsümündə olub. Bu, 26-32-ci turları əhatə edən 7 oyunluq ardıcılıq qalibiyyət idi. Mütəxəssisin ən uzun məğlubiyyət seriyası isə son dönəmində olub. Bu, ardıcıl 4 matç təşkil edir və sonda Şensoyun istefaya göndərilərək ölkəmizi birdəfəlik tərk etməsi ilə nəticələnib. Onun son dönəmindəki 10 oyunda maraqlı ardıcıllıq olub. Belə ki, 1 qələbənin ardınca 2 məğlubiyyət, daha sonra 3 qələbənin ardınca 4 məğlubiyyət qeydə alınıb.
"Dilinin bəlası"na düşən və mətbuat üçün maraqlı persona
Şensoy Azərbaycandakı fəaliyyəti dövründə nəticələrindən daha çox maraqlı, qalmaqallı açıqlamaları ilə məşhurlaşıb desək, yanılmarıq. Hər halda, onun şok effekti yaradan fikirləri qəzetlərin, saytların manşetini bəzəyirdi. Şensoy mətbuat üçün həmişə maraqlı persona olub. O, sözünü deməkdən çəkinmir, narazı qaldığı insanları tənqid atəşinə turur, çoxlarının "bostanına daş atırdı”. AFFA rəhbərliyini də tənqid etməkdən çəkinməyən Şensoy dəfələrlə cəzaya, cəriməyə məruz qalmışdı. Necə deyərlər, o, çox vaxt "dilinin bəlasına” düşürdü.
"Turan” Şensoyun vaxıntda iddialı olan zaman baxımlı oyunu ilə seçilirdi. Bu üzdən türkiyəli mütəxəssisin "Turan” Azərbaycanın "Barselona”sıdır” açıqlaması məşhurlaşmışdı. Şensoyun sevimli futbolçularından biri, kapitan sarğısını daşıyan Nadir Nəbiyev Kazbek Tuayev "Neftçi”nin baş məşqçisi olan vaxtda ora dəvət olunmuşdu. Ancaq "Turan” hücumçunu buraxmırdı ki, bu zaman Şensoy "Nadir Nəbiyev özü burdadır, ruhu "Neftçi”də" açıqlaması ilə diqqət mərkəzinə düşmüşdü.
Milli çempionatımızın ilk əcnəbi baş məşqçisi hakim-inspektor Əlisgəndər Nağıbəyovun da "bostanına daş ataraq” onun qoca olması üzündən yaxşı görmədiyini bildirmişdi. Əsas diqqətçəkən məqam isə "Turan” – "İnter” oyunundan sonra məşhur "qatar əhvalatı" idi. Məlum olduğu kimi, qonaqların 1:0 hesabı ilə qələbə qazandığı həmin matçı idarə edən Xaqani Məmmədovun başçılıq etdiyi hakimlər briqadası qalib komanda ilə bir qatarda Bakıya qayıtmışdı. "İnter"in ukraynalı baş məşqçisi Anatoli Konkovla kupedə görüşüb söhbətləşməsini AFFA-ya izahatında etiraf edən Məmmədov rüşvət olayına görə hakimlikdən birdəfəlik kənarlaşdırılmışdı. Həmin qalmaqal zamanı Şensoy açıqlamaları ilə "alovun üstünə benzin ataraq” onu daha da qızışdırırdı.
Bəli, Şensoyla başlayan Azərbaycanda əcnəbi baş məşqçilərin fəaliyyəti dönəmi indiyədək davam edir, gələnlərin coğrafiyası isə yetərincə geniş olub. Ancaq ilk qaranquş üçün bizim ölkə o qədər doğma olub ki, bir neçə dəfə yolunu bura salıb.
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib