"Neftçi” cari mövsümdə 3-cü dəfə böyük hesabla uduzub. Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar" yenə "Qəbələ"dən ağır məğlubiyyət alıb.
Fərq ondadır ki, 0:8 hesabı ilə nəticələnən ev matçı Vəli Qasımovun, 1:4 hesablı məğlubiyyətlə yekunlaşan səfər oyunu isə Elxan Abdullayevin baş məşqçiliyi dövrünə təsadüf edib. "Neftçi"nin hazırkı çalışdırıcısı bu postda ilk dəfə böyük hesabla uduzub. "Ağ-qaralar"ın bu çempionatda daha bir belə yenilgisi ilk dövrədə "Qarabağ"la səfərdə 0:3 hesabı ilə olub.
"Ağ-qaralar" bu 25 milli çempionatda artıq 11-ci dəfədir böyükhesablı məğlubiyyət acısı yaşayıb. Bu, ən çox məhz "Qarabağ" və "Qəbələ" ilə matçlarda olub - hərəsində 3 dəfə. "Neftçi"nin Ağdam klubuna 3 top fərqli məğlubiyyətlərindən 2-si 0:3, 1-i 1:4 hesabı ilə olub. "Qəbələ"dən alınan ilk böyükhesablı məğlubiyyət isə 1:4 hesabı ilə olub.
"Neftçi"nin qalan 5 böyükhesablı məğlubiyyətindən 2-si "Bakı"dan (1:5 və 0:3), 1-i Sumqayıt "Xəzər"indən (0:3), 1-i "İnter"dən (0:4), 1-i də "Zirə"dən (0:3) olub. Göründüyü kimi, ən ağır məğlubiyyəti məhz son rəqib "Qəbələ"dəndir. "Qırmızı-qaralar"ın digər komandalardan əsas fərqi "Neftçi" üzərində 1 mövsümdə 2 dəfə böyük hesabla qalib gəlməyidir. Yəni "ağ-qaralar" başqa rəqiblərin heç birindən belə ağır zərbə almayıb.