Azərbaycan Premyer Liqasının cari mövsümünün qol seriyasında rekordu qırılıb. Sportnet.az-ın məlumatına görə, bu, lider "Qəbələ"nin autsayder AZAL-la az öncə yekunlaşan səfər matçında 0:0 hesablı heç-heçədən sonra reallaşıb.
Bununla da Roman Qriqorçukun komandası cari mövsümdə 2-ci dəfə qolsuz bərabərliyə qalıb. Bu, ilk dəfə II turda "İnter"lə "Dalğa Arena"da keçirilən ev oyununda olmuşdu. Bundan sonra ardıcıl 8 tur meydanı qolsuz tərk etməyən "qırmızı-qaralar"ın seriyası 9-cu matçda qırılıb.
Nəticədə "Qəbələ” 11 illik tarixində məhz ukraynalı baş məşqçisinin vaxtındakı qol seriyasında rekordu hələ ki əlçatmaz qalıb. Bu, Qriqorçukun ilk mövsümündə - 2014/05-də 11 matçdan ibarət olub. Həmin seriya ötən çempionatda da davam edib və ilk dövrənin son turunda "Zirə” ilə ev oyununda qırılıb – 0:0. Nəticədə "Qəbələ"nin Premyer Liqamızın tarixində rekord qol seriyası 21 matçdan ibarətdir. Roman Qriqorçukun yetirmələrinin ən yaxın izləyiciləri olan "Qarabağ"la "İnter"in cari çempionatda qol seriyası 7-ci oyunda qırılıb.
Qeyd edək ki, bu, AZAL-la "Qəbələ" arasında 2006-cı ildən keçirilən çempionat duellərində "təyyarəçilər"in meydanında ilk qolsuz heç-heçə olub. Həmin nəticə 3 dəfə Qəbələdə qeydə alınıb. "Qırmızı-qaralar" Şüvəlana bundan öncəki səfərində 1:2 hesabı ilə uduzduğundan artıq 2 qarşılaşmadır orada qələbə üzünə həsrət qalıb. "Qəbələ" AZAL-ı onun meydanında sonuncu dəfə 2015-ci ilin avqustun 15-də 2:0 hesabı ilə məğlub edib.
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb