"Qəbələ” məşqçisi Sənan Qurbanovun rəhbərliyi altında ilk dəfə məğlub olub. Sportnet.az-ın məlumatına görə, bu, Avropa Liqasının V turunda "Anderlext”ə "Bakcell Arena”da 1:3 hesabı ilə uduzmaqla gerçəkləşib.
Bununla da 36 yaşlı Qurbanov "qırmızı-qaralar”ı çıxardığı 5-ci matçında ilk dəfə xalsız qalıb.
Gənc mütəxəssis bunadək Azərbaycan Premyer Liqasında "texniki zona”da olub. Bu, 2014-cü iin dekabrına, qış fasiləsinədək son 3 matçda təsadüf edib. Roman Qriqorçuk onda baş məşqçi təyin olunsa da, fasiləyədək Qurbanovun komandanın "sükanıl arxası”da olması daha məqsədəuyğun sayıldı. Ukraynalı mütəxəssis həmin 3 oyunu kənardan izləyirdi.
Debütündə Qəbələdə "Qarabağ”ı 2:1 hesabı ilə yenən Qurbanov ardından "Sumqayıt”la səfərdə 2:2, daha sonra "İnter”lə evdə 1:1 hesablı bərabərliyə qaldı. Baş məşqçi əvəzi cari çempionatın ötən turunda da "texniki zona”da idi. Çünki Qriqorçuk həmin vaxt AFFA-nın İntizam Komitəsinin 1 oyunluq cəzasına görə kənarda qalmışdı. "Qəbələ” Qurbanovun başçılığı altında "Zirə”ni 1:0 hesabı ilə məğlub etdi.
Roman İosifoviç bu dəfə UEFA Nizam-İntizam Komitəsinin qərarı ilə 1 oyunluq cəzalı olduğundan tribunada idi. "Anderlext” Qurbanovun uğurlu seyiasını davam etdirməsinə imkan verməyərək "Qəbələ”ni öz meydanında olduğu kimi səfərdə də 3:1 hesabı ilə məğlub etdi.
Qeyd edək ki, Qurbanov 2012/13 mövsümündən – hələ Ramiz Məmmədovun baş məşqçiliyi vaxtından əsas komandada köməkçi məşqçidir. O, bu komandada futbolçu da olub.