"Qəbələ”nin braziliyalı futbolçusu Rikardinyo avrokuboklarda qol hesabını açıb. Sportnet.az-ın məlumatına görə, təcrübəli sol cinah müdafiəçisi 2 ildir çıxış etdiyi "qırmızı-qara” formada ik dəfə fərqlənib.
Rikardinoyun bu müddətdə Azərbaycan Premyer Liqasında rəqib qapısına yol tapa bilmədiyini qeyd etmək yerinə düşər. 32 yaşlı legioner yeganə qolunu ötən mövsüm Azərbaycan kubokunda - 1/8 finalda "Mil-Muğan"a Qəbələdə 7:0 hesabı ilə qalib gəldikləri matçda vurub.
Braziliyalı müdafiəçi "Anderlext”lə matçın 15-ci dəqiqəsində penaltidən hesabı 1:1 etməklə ilkə imza atıb. Rikardinyo elə hazırkı qrup mərhələsində adını tabloya yazdırıb. Ancaq məsələ ondadır ki, o, "Sent-Etyen”lə Fransadakı matçda avtoqol etməklə 0:1 hesablı məğlubiyyətə səbəbkar olub.
Əslində, Rikardinyo "Bakcell Arena"dakl son oyunda 2-ci dəfə penaltidən qol vuraraq dubl müəllifi olmuşdu. Ancaq ukraynalı baş hakim, Roman Qriqorçukun həmyerlisi Yevgeni Aranovski qayda pozuntusuna görə 74-cü dəqiqədə zərbənin yenidən vurulmasına qərar verib. Bu zaman isə legioner topa tora göndərə bilməyib. Halbuki, Rikardino dubl etsəydi, qrupda buna nail olan ilk futbolçumuz kimi tarixə düşəcəkdi. Ancaq ukraynalı referi onun bu arzusunu ürəyində qoyub.
"Qəbələ" məhz Rikardinyo ilə ilk dəfə avrokuboklarda penaltini qaçırıb. Kapitan Cavid Hüseynov ötən mövsüm zərbələri dəqiq vurmaqla yadda qalırdı. Bu mövsüm isə məhz "Bakcell Arena"da millimizin hücumçusu Ruslan Qurbanov 11 metrlik cərimə zərbəsindən fərqlənmişdi. O, "Maynts"ın qapısına yol tapmışdı. "Anderlext"lə matçda Qurbanov sonradan meydana çıxaraq penaltini qazansa da, bu dəfə həmin qapıya zərbəni komanda yoldaşı vurdu.
Rikardinyo "Qəbələ”nin heyətində avrokuboklarda qol hesabını açan nəhs – 13-cü futbolçu olub. O, klublarımızın 1994-cü ildən təmsil olunduğu qitəmiqyaslı turnirlərdə isə qol müəllifi olan 119-cü futbolçusu kimi adını tarixə yazdırıb.