"Dabonun hərtərəfli müayinə etdik. Ən çox qorxduğumuz təhlükə təsdiqlənmədi. Futbolçumuzda elə bir problem yoxdur ki, 3 həftə bərpa prosesi keçsin, sonra məşqlərə başlasın". Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qəbələ"nin həkimi Roman Jolobaylyuk bildirib. "Qırmızı-qaralar"ın Avropa Liqasının V turunda "Anderlext"lə ev oyununun ikinci hissəsində zədələnən fransalı hücumçusu Baqali Dabonun durumuna aydınlıq gəlib.
Legioner matçdan sonra açıqlamasında Premyer Liqanın növbəti turunda "Qarabağ"a qarşı oynamayacağını, hətta bu il bir daha meydana çıxmamasının mümkünlüyünü söyləyib. Ancaq ukraynalı həkim bombardirləri üçün il başa çatmadığını söyləyib: "Ola bilər ki, Baqalidə isti-siti ağrılar olub və buna əsasən uzun müddətə sıradan çıxdığını deyib. Ancaq müayinə heç bir ciddi xəsarəti aşkarlamadı. Sadəcə, müəyyən problemlər - soyuqdəymə, əzələ dartması var. Ancaq bu, bu hücumçunun təsvir etdiyi qədər ciddi deyil. Onu da deyim ki, Dabo köhnə zədəsini təzələməyib. Onda omba, bu dəfə topuq nahiyəsində xəsarət alıb".
Jolobaylyuk Dabonun yaşıl meydana dönmək tarixini hələ ki dəqiq söyləyə bilməyəcəyini qeyd edib. Onun sözlərinə görə, hücumçu hazırda intensiv müalicə olunur və hər şeyi gedişat göstərəcək: "Buna görə də hələ ki heç nə proqnozlaşdırmaq istəmirəm. Ən vacib odur ki, topuq nahiyəsində vacib hissələr zədələnməyib. Müəyyən problemlər var ki, onu aradan qaldırmağa çalışırıq. Elə rejimdə çalşırıq ki, Dabonu tez bir zamanda bərpa edək. Hətta hücumçunun "Qarabağ"la oyunadək hazır olmasını istisna etmirəm. Sadəcə, indi dəqiq bir şey demək çətindir. Çünki Dabonun zədələndiyi oyundan cəmi 2 gün keçib. Onun "Qarabağ"la matçda heyətdə olub-olmayacağını oyundan 1 gün öncə dəqiq söyləyə bilərəm".
"Qarabağ" - "Qəbələ" matçı noyabrın 29-da saat 17:00-da keçiriləcək. "Qırmızı-qaralar"ın həkimi son vaxtlar zədə üzündən kənarda qalan digər əcnəbi hücumçu - estoniyalı Sergey Zenyovun həmin qarşılaşmaya hazırlaşdığını bildiirb: "Zenyov artıq qrup çalışmalarında iştirak edir. O, "Qarabağ"la matça 100 faiz güclə oynamaq üçün hazırlaşır. Bəzi futbolçularımızda mikrozədələr olsa da, bunlar ciddi deyil. Ümid edirəm ki, bizim üçün vacib olan bu matça bütün futbolçular tam hazır olacaqlar".
Mehman SÜLEYMANOV