1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qol kralı”mızı itirdik...
"Qarabağ” tarixinin ən yaxşı legioneri ilə yollarını ayırmalı oldu. Bəli, artıq rəsmən "Adanaspor"un futbolçusu olan Reynaldo Silva Ağdam komandasında indiyədək çıxış edən əcnəbilər arasında ən uğurlu futbolçu olması birmənalıdır. Təkcə onu demək kifayətdir ki, "Qarabağ”ın çoxsalı legionerləri arasında milli çempionatımızda Reynaldo qədər qol vuran olmayıb. Bu isə nə az, nə də çox – 43 qoldur.
28 yaşlı braziliyalı hücumçu "Qarabağ”da çıxış etdiyi 4 ildə Premyer Liqadakı qol sayında nəinki bütün əcnəbiləri, bir çox yerli futbolçuları da qabaqladı. Ona yalnız 2 azərbaycanlı oyunçuya çatmaq qismət olmadı. Hər ikisi də özü kimi hücumçudur və ən əsası, hazırda məşqçi karyeraları da "Qarabağ”a bağlıdır. Bunlardan Müşfiq Hüseynov Silvanın məşqçilərindən biri idi və 109 dəfə rəqib qapılarına yol tapıb. Reynaldonun "Qarabağ”ın U-17 komandasının baş məşqçisi olan Samir Musayevə (44 qol) isə cəmi 1 qolu çatmadı. Braziliyalının "Sumqayıt” və "Araz Naxçıvan”la nəticələri ləğv olunan matçlarda vurduğu 4 qolu silinməsəydi, Misayevi də keçərək 2-ci bombardir idi.
Silva 4 ildir şərəfini qoruduğu Ağdam klubunu "Adanaspor”a, Azərbaycanı Türkiyəyə, Premyer Liqamızı qardaş ölkənin Super Liqasına dəyişməyə qərar verdi. Əslində, Reynaldonun gedişi xeyli əvvəldən də gözlənilirdi. Sadəcə, onda futbolçunun yaxşı vaxtı idi və Avropanın tanınan klublarından, avrokubok iştirakçılarından cəlbedici təklif alırdı. Ancaq artıq Reynaldon "Qarabağ”ın lideri, əsas "vuran ayağı” deyildi və Türkiyə Super Liqasına getsə də, autsayder kluba transfer olundu. Baş məşqçi Qurban Qurbanov braziliyalı legionerdən daha o qədər də faydalanmadığını görərək gedişinə imkan yaratdı və rəhbərlik də bunu transferdə reallaşdırdı. Hər halda, Silvanın "Qarabağ”la müqaviləsi olduğundan, keçidinə görə müəyyən məbləğdə kompensasiya ödənildi ki, bu da klubun futbolda vacib amillərdən olan qazanc əldə etməsi demək idi. Hərçənd, futbolçunun yaxşı vaxtında transfer məbləği milyonu da keçmişdi.
Razılaşın ki, 4 il az müddət deyil və Azərbaycanla Türkiyənin yaxınlığını, oxşar xüsusiyyətlərinin çox olmasını nəzərə alsaq, Silvaya "Adanaspor”da uyğunlaşma baxımından problem olmamalıdır. Hərçənd, Reynaldo 2013-cü ilin yanvarında "Anderlext”dən "Qarabağ”a gələrkən ilk vaxtlar heç cür özünü göstərə bilmirdi. Hətta mövsümün ikinci yarısında cəmi 9 matç keçirərək 2 qola imza atmışdı. Həmin vaxt Reynaldonun göndəriləcəyi, icarəyə veriləcəyi ilə bağlı söhbətlər gündəmdə idi. Ancaq sən saydığını say, gör Reynaldo nə sayır. O, "Qarabağ”ın heyətində avrokuboklarda debütündəcə fərqlənməyi bacardı. Məhz Silvanın Avropa Liqasının I təsnifat mərgələsində "Metallurq”a Makedoniyada, paytaxt Skopyedə vurduğu yeganə qol qələbə qazandırdı. Reynaldo həmin mövsümdə hər 4 rəqibə - Polşa "Pyast”ı, İsveç "Gefle”si və Frankfurt "Ayntraxt”ının qapısına da yol tapdı. Özü də almanlara Azərbaycan klubları arasında avrokuboklarda ilk qol vuran futbolçu məhz Reynaldo oldu.
"Qarabağ” ardıcıl 3 ildir Avropa Liqasının qrup mərhələsində çıxış etsə də, Silva təsnifat mərhələsinin futbolçusu oldu. Təsadüfi deyil ki, braziliyalı qrupda demək olar özünü göstərə bilmədi. Buna sübut olaraq, avrokuboklarda vurduğu 11 qoldan 10-nun təsnifat mərhələsinə təsadüf etdiyini, yalnız sonuncunun qrupda qeydə alındığını nəzərə almalıyıq. Bu isə "Qarabağın İtaliya "Fiorentina”sına Bakıda 1:2 hesabı ilə uduzduğu matçda təsəlli qolu idi. Göründüyü kimi, Silva "Qarabağ”da avrokuboklarda debütündə də, son oyununda da meydanı qolsuz tərk etmədi. Bu isə ümumilikdə 35 (11-i Çempionlar Liqası, 24-ü Avropa Liqası), yəni yubiley sayda olub.
Silvanın Azərbaycan karyerası hər mənada uğurlu alındı. O, ilk ölkə çempionluğunu, ölkə kubokunun qalibi olmasını məhz "Qarabağ”da qazandı. Bu isə 3 çempionluq və 2 kubok (2 "qızıl dubl”) oldu. Reynaldo bir vaxtlar Azərbaycan Premyer Liqasında ayın futbolçusuna verilən mükafata (2013/2014 mövsümündə may ayının ən yaxşı futbolçusu) da sahib çıxdı. Hücumçu eyni zamanda milli çempionatda çıxış edən çoxsaylı həmyerliləri arasında bombardirliyə də yüksəldi. Bu, məhz cari çempionatda "Kəpəz”lə 1:1 hesabı ilə nəticələnən səfər matçında oldu. Nəticədə Silva Leandro Qomeşi keçərək, çempionatda hesabına 43-cü qolu yazdı. Maraqlıdır ki, bu, Reynaldonun Premyer Liqada sonuncu qolu kimi də tarixə düşdü.
Hücumçu qollarının yarıdan çoxunu – 22-ni onun üçün ən uğurlu olan 2013/2014 mövsümündə vurub və çempionatın bombardiri olub. Yeri gəlmişkən, "Qarabağ”ın bundan sonra çempionatın ən sərrast oyunçusu olan futbolçusu olmayıb. Təbii ki, bombardir legionerin hesabında çoxsaylı dubllar, het-triklər, yubiley qolları da olub.
Silva 2 mövqedə oynamaq bacarığı ilə də seçildi. "Qarabağ”da ilk vaxtlar yarımmüdafiənin sol cinahında yer alan Reynaldo mərkəz hücumçusu olmadığı vaxtda həmin mövqeyə keçdi və oyunu daha yaxşı alındı. Reylando lazım olanda yarımmüdafiənin sol cinahına çəkilirdi və hər iki mövqedə özünü göstərə bilirdi.
Bir sözlə, yaddaqalan iz buraxan Reynaldonun gedişi "Qarabağ”dan daha çox futbolumuz üçün böyük boşluq yaratdı. Axı o, avrokuboklarda bombardirimiz, "qol kralı"mız idi. Qitəmiqyaslı turnirlərdə 12 dəfə fərqlənən Silva debüt qolunu yarım il oynadığı "Anderlext”də vurub. Həmin boşluğu doldurmaq isə onun həmyerlisi, "Qarabağ”da uzun illər komanda yoldaşı olmuş Riçard Almeyda ilə kapitan Rəşad Sadıqova düşür. Axı onlar vurduqları 7 qolla Silvadan sonrakı bombardirlərdir. Bura "Qarabağ”ın keçmiş kapitanı, hazırda "Qəbələ”də bu finksiyanı icarə edən təcrübəli yarımmüdafiəçi Rəşad Sadiqov da daxildir.
Mehman SÜLEYMANOV