"Qəbələ" tarixində rekordçusunu heyətinə qaytarıb. Sportnet.az-ın məlumatına görə, Daniel Subotiç Moldovanın "Şerif" klubundaN döndüyü "qırmızı-qaralar"da bir çempionatda ən çox qol vuran futbolçudur.
İsveçrəli hücumçu bu rekordu "Qəbələ"də çıxış etdiyi 1 mövsümdə vurduğu 12 qolla reallaşdırıb. Subotiçin bürünc medal qazandığı 2013/14 mövsümündə finaladək irəlilədiyi Azərbaycan Kubokunda da 1 fərqlənib. Bu, "Qarabağ"la 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində səfərdə 2:1 hesabı ilə qalib gəldiləri matçdır. O, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən həmin oyunun 45+1-ci dəqiqəsində hesabı açıb.
Danielədək "Qəbələ"də 1 çempionatda ən çox qol sayı 9 idi. Bu, ardıcıl 2 mövsümdə Deon Barton, Luis Hilario Dodo və Yannik Kamananla gerçəkləşmişdi. Subotiç bu rekordu yeniləyəndən sonra onu təkrarlamaq mümkün olmayıb. Danielin gedişindən sonra "qırmızı-qaralar"a gələn Cavid Hüseynov 11 dəfə fərqləndiyindən rekorda şərik olmağa 1 qolu çatmadı. Hüseynovun yoxluğunda ukraynalı legioner Aleksey Qay isə 10 qol vurmaqla bir qədər də aşağı göstəriciyə imza atdı.
Subotiç "Qəbələ"də oynadığı mövsümdə Premyer Liqada "Ayın oyunçusu" nominasiyasında da fərqləndi. Bu, 2013-cü il dekabr ayı üçün idi. Bununla da Daniel çempionatımızda debüt mövsümündəcə ilk mükafatını qazandı. "Qəbələ” isə bu nominasiyada artıq 2-ci dəfədir fərqlənmişdi. Bunadək Kamanan 2012-ci ilin martında ayın ən yaxşı oyunçusu olmuş, mükafatını Qəbələdə matç öncəsi almışdı.
"Qəbələ"nin Azərbaycan Premyer Liqasında bombardirləri
2006/07 mövsümü
Vüsal Qarayev (hücumçu) - 20 oyun (4 qol)
2007/08 mövsümü
Vitali Balamestnı (hücumçu, Rusiya) - 18 (8)
2008/09 mövsümü
Kənan Kərimov (hücumçu) – 23 (6)
2009/10 mövsümü
Tomaş Stolpa (hücumçu, Polşa) – 17 (7)
2010/11 mövsümü
Deon Barton (hücumçu, Yamayka) – 28 (9)
2011/12 mövsümü
Luis Hilario Dodo (yarımmüdafiəçi, Braziliya) – 31 (9)
Yannik Kamanan (hücumçu, Fransa) – 14 (9)
2012/13 mövsümü
Lourival Assis (yarımmüdafiəçi, Braziliya) – 27 (6)
Viktor Mendi (hücumçu, Seneqal) – 24 (6)
2013/14 mövsümü
Daniel Subotiç (hücumçu, İsveçrə) – 29 (12)
2014/15 mövsümü
Cavid Hüseynov (yarımmüdafiəçi) – 29 (11)
2015/16 mövsümü
Aleksey Qay (yarımmüdafiəçi, Ukrayna) - 35 (10)
XAtırladaq ki, "Qəbələ" Subotiçlə yarım illik müqavilə imzalayıb.
Mehman SÜLEYMANOV