"İnter"ə qarşı oynamağı çox istəyirdim. Bu komandada çoxlu dost-tanışım var. Orada xeyli dostum oynayır, məşqçilər korpusunda vaxtilə rəhbərliyi altında işlədiyim insanlar çalışırlar. "İnter"lə matçda meydanda olub qələbə uğrunda döyüşmək arzusunda idim". Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qəbələ"nin gürcü futbolçusu Nika Kvekveskiri bildirib.
AFFA-nın İntizam Komitəsinin qərarı ilə "Kəpəz"lə matçda aldığı qırmızı vərəqəyə görə 3 oyunluq cəzalanan təcrübəli yarımmüdafiəçi növbəti turda "İnter"lə matçı buraxmalı olacaq. Kvekveskiri cari mövsümdən şərəfini qoruduğu "qırmızı-qaralar"a məhz "İnter"dən gəlib. Onun keçmiş komandasına qarşı ilk oyunu uğursuz alınmışdı: "İlk dövrədə qolsuz bərabərliklə nəticələnən həmin matçı yaxşı xatırlayıram. Onda qələbə çox yaxın olsaq da, penaltini dəqiq vura bilməmişdik. Nəticədə "Qəbələ" vacib 2 xal itirmişdi. Hərdən elə olur ki, komandaya istədiyin kimi kömək edə bilmirsən. Təkcə "İnter"lə yox, bütün matçlarda "Qəbələ"yə fayda vermək istəyirəm. Ümumiyyətlə, bir vaxtlar çıxış etdiyin komandaya qarşı oynamaq prinsipiallıq yox, sadəcə, idman marağıdır. Burada söhbət özünü sübutdən getmir. "İnter"ə özümü sübut etmək fikrim yoxdur, yalnız minnətdarlıq edirəm. "Qəbələ"yə təkcə bu yox, hər bir rəqiblə oyunda kömək etmək istəyirəm. Hazırkı komandan indiki qədər heç vaxt çempionluğa belə yaxın olmamışdı. İtirdiyimiz xalları qaytarmaqla buna nail olmaq istəyirik".
Nikanın fikrincə, "İnter"in həm güclü rəqib olması, həm də oyunun sintetik qazonda keçirilməsi öz sözünü deyəcək: "Rəqibdə məşqçi əli də görsənir. Zaur Svanadze "İnter"də 1-ci il deyil ki çox yaxşı işləyir. Bu komanda son vaxtlar "Qarabağ"la oyunlarda müsbət balansa malikdir. Təsadüfi deyil ki, Qurban Qurbanovun komandası rəqibinə cariu mövsümdə artıq 3-cü matçdır qalib gələ bilmir. "İnter"in son "Qarabağ"ı onun meydanında məğlub etməi məni elə də təəccübləndirmədi. Bilirdim ki, bərabər oyun gedəcək. Topa "Qarabağ" nəzarət edəcək, "İnter" isə əks-hücumlarda oynayacaq. "İnter"in bəxti gətirdi ki, bu hücumların birində öz şansından istifadə edə bildi. "Qarabağ"ın isə çoxlu hücumu nəticəsiz qaldı. Buna görə "İnter"in layiqli qələbə qazandığını hesab edirəm. Ümumiyyətlə, sabiq komandam hazırda yaxşı formadadır".
"Qarabağ" kimi "Qəbələ" də cari mövsümdə "İnter"ə hələ ki qalib gələ bilməyib. Kvekvsekirini dinləyək: "İnter" iki dəfə bizimlə qarşılaşaraq heç-heçə oynayır. Bu, onun gücündən xəbər verir. Üstəlik, "İnter" evdə daha yaxşı oynayır. Ancaq biz də yaxşı oynayaraq qalib gəlməyə çalışacağıq. Ancaq bu, çox çətin olacaq. "İnter" liderlərlə xal fərqini azaltmaqla çempionluq şansını saxladı. Bu komandada oynadığımdan xarakterini yaxşı bilirəm. "İnter"in futbolçuları, məşqçilərinin çempionluğa 1 faiz şansı qalsa belə sonadək mübarizə aparacaqlar".
Legionerin fikrincə, lider olan komandasının ən yaxın izləyicisi "Qarabağ"la 1 xallıq fərqi ciddi bir şeyi dəyişmir: "Əslində, rəqibimizlə xallar eyni olanda da hər şey bizdən asılı idi. Çünki şəxsi oyunlara görə "Qarabağ"dan üstünük. Buna görə də 1 xalın elə bir şeyi dəyişmədiyini düşünürəm. Bizim üçün qalan 8 oyunun hər biri finala bərabərdir. Hər maçda öz oyununu göstərərək sonadək mübarizə aparmaq lazımdır. Yalnız belə yanaşma ilə çempion ola bilərik. Əminəm ki, komandamız bu məqsədinə çata bilər. Əsas odur ki, hamı sağlam olsun, "Kəpəz"lə matçda baş verənlər bir daha təkrarlanmasın".
Xatırladaq ki, "İnter" - "Qəbələ" matçı martın 4-də saat 20:00-da keçiriləcək.