"Bu qələbədə mənim də payım olduğu üçün çox xoşbəxtəm. Bu cür davam etmək və qollar vurmaq istərdim”.
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ”nin futbolçusu Tellur Mütəllimov Azərbaycan Premyer Liqasının XXI turunda "İnter” üzərində 2:0 hesablı qələbədən sonra deyib.
Görüşün 60-cı dəqiqəsində hesabı açan 22 yaşlı yarımmüdafiəçi "ulduz xəstəliyi”nə tutulmayacağına söz verib. O, Azərbaycan milli komandasına dəvət aldığı üçün baş məşqçi Robert Prosineçkiyə təşəkkür edib: "Millidə oynamaq hər futbolçu üçün şərəfdir. Belə də davam edəcəyəm. Düzü, dəvət alacağımı gözləmirdim. Fikrimi "Qəbələ”dəki oyunlara yönəltmişdim. Yığmaya dəvət almağım sürpriz oldu".
Gənc futbolçu növbəti turda "Neftçi”yə də qalib gəlməyə çalışacaqlarını söyləyib: "Çalışacağıq yenə də qələbə qazanaq. Rahat olmayacaq, yaxşı formadadırlar. Ancaq artıq cari mövsümdə onları məğlub etmişik”.
Qeyd edək ki, Tellur Mütəllimov Azərbaycan milli komandasının Qətərlə yoxlama matçı üçün təlim-məşq toplanışına cəlb olunub.