Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə də meydan sahibləri qələbəyə həsrət qalıb.
Gəncə şəhər stadionunda "Kəpəz"lə AZAL komandaları arasındakı görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. 38-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Şəhriyar Əliyev hesabı açıb. 90-cı dəqiqədə isə qonaq komandanın yeni transferi Vaqif Cavadov bərabərlik qolunu vurub.
Bu nəticədən sonra "Kəpəz" 18 xalla 7-ci, AZAL 9 xalla 8-ci pillədə qalıb.
Turun son oyununda "Neftçi" və "Zirə" komandaları üz-üzə gəlib. "Bakcell Arena"da keçirilmiş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Hərçənd, hesabı "Neftçi" açıb. 60-cı dəqiqədə Daniel Seqovia penaltini dəqiq yerinə yetirib. Lakin cəmi 2 dəqiqə sonra Georgi Navalovski "Zirə"nin futbolçusu Təmkin Xəlilzadənin uzun reydindən sonra ötürməsini öz qapısına göndərib. Oyunda son nöqtəni isə 79-cu dəqiqədə uzaq məsafədən dəqiq zərbə ilə Milan Duriç qoyub.
Bu qələbədən sonra xallarını 29-a çatdıran "Zirə" 4-cü pillədə möhkəmlənib. "Neftçi" isə 20 xalla 6-cı pillədə qalıb.
Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" səfərdə "Sumqayıt"a 4:0, "Qəbələ" "İnter"ə 2:0 hesabı ilə qalib gəlib.
Azərbaycan Premyer Liqası
XXI tur
5 mart (bazar)
15:00 "Kəpəz” – AZAL - 1:1
Qollar: Şəhriyar Əliyev, 38 - Vaqif Cavadov, 90
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Kərim Ağayev
Gəncə şəhər stadionu
İlk iki dövrə - 0:0, 1:0
18:00 "Neftçi” – "Zirə” - 1:2
Qollar: Daniel Seqovia, 60-penalti ilə - Georgi Navalovski, 62-öz qapısına. Milan Duriç, 79
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Cavanşir Yusifov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Şaiq Həmidov
"Bakcell Arena”
İlk iki dövrə - 0:1, 0:2
Turnir cədvəli:
Bombardirlər: Filip Ozobiç ("Qəbələ") - 11, Baqali Dabo ("Qəbələ") - 7, Rauf Əliyev ("İnter") 7 qol.