"Gözlədiyimiz kimi, çox çətin matç oldu. Təəssüf ki, uduzduq. Bu oyundan nəticə çıxarıb qarşıdakı oyunlara yaxşı köklənməliyik".
Bunu Sportnet.az-a açıqlamasında Bakı "İnter"inin futbolçusu Abbas Hüseynov evdə "Qəbələ"yə 0:2 hesabı ilə yenildikləri Azərbaycan Premyer Liqasının XXI tur qarşılaşmasından sonra deyib.
22 yaşlı cinah müdafiəçisi ikinci hissədə yorğun təsir bağışlamaları fikri ilə razılaşmayıb: "Yorğun olduğumuzu deməzdim. Sadəcə belə alındı. Oyun vaxtı yüngül zədə alsam da, ciddi bir şey yoxdur, hər şey yaxşıdır. Çalışmaq lazımdır ki, bundan sonrakı bütün oyunları qələbə ilə başa vuraq".
Gənc futbolçu son 2 turda qarşılaşdıqları çempionluğa iddialı "Qarabağ"la "Qəbələ"ni müqayisə etmək istəməyib. Onun fikrincə, hər iki rəqib güclüdür: "Onları müqayisə eləməyə dəyməz. Sadəcə, oyundur da, birini udduq, digərini uduzduq".
Hüseynov ilk dəfə Azərbaycan millisinə dəvət almasından da danışıb: "Mən hər oyuna istəkli çıxıram ki, komandam qələbə qazansın. Əlbəttə, milliyə dəvət olunmağım da məni digər tərəfdən ruhlandırırdı. Sağ olsunlar ki, məni yığmaya çağırıblar. Buna görə çox şadam. Özümü doğrultmağa çalışacağam. Milli komandaya dəvət alanların hamısı güclüdürlər".
Qeyd edək ki, Abbas Hüseynov "Qəbələ" ilə qarşılaşmada sonadək meydanda olub.