"Avrokuboklarda ən azı yarımfinal mərhələsinədək eyni ölkənin iki komandasının bir-birinə rəqib olmasına imkan verilməməlidir".
Sportnet.az-ın məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts "Bild" nəşrinə açıqlamasında ölkənin "Şalke" və "Borussiya" (Mönhenqladbax), Belçikanın "Gent" və "Genk" komandalarının Avropa Liqasının 1/8 final mərhələsində bir-birinə rəqib olmalarına münasibət bildirərkən deyib. B.Foqts hesab edir ki, 16 komandanın iştirak etdiyi püşkatmada belə hal yolverilməzdir. 71 yaşlı mütəxəssis bunun turnirin imicinə zərər verdiyini düşünür: "Almaniyadan kənarda bugünkü oyuna maraq olmayacaq. Azarkeşlər səbirsizliklə başqa ölkələrə səfər etməyi gözləyirlər. Lakin püşk onların bu istəkərinin həyata keçməsinə mane olur".
B.Foqts bildirib ki, martın 4-də Almaniya çempionatının sonuncu - XXI turu çərçivəsində Mönhenqladbax "Borussiya"sının evdə "Şalke"yə 4:2 hesabı ilə qalib gəlməsinə rəğmən, qitəmiqyaslı turnirin oyununda şanslar bərabərdir.
Bu gün 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Borussiya" "Şalke"ni, "Gent" "Genk"i qəbul edəcək.
Qeyd edək ki, 2008 - 2014-cü ildə Azərbaycan milli komandasının baş məşqçisi olmuş Berti Foqts futbolçu karyerası ərzində yalnız Mönhenqladbax təmsilçisinin formasını geyinib. O, "Borussiya"nın heyətində 419 oyun keçirib və 32 qola imza atıb.