AZAL-ın kapitanı Emin Cəfərquliyev Sportnet.az-a müsahibəsi
- AZAL-ı "Qarabağ”a qarşı çempionat oyunu gözləyir. Komandanın hazırkı durumu necədir və səncə, Ağdam klubuna qarşı oyunda xal qazanmaq şansınız varmı?
- Komandada hər şey normaldır və itirəcək bir şeyimiz də qalmayıb. Yalnız qazanmalı olduğumuz şeylər var. Şans həmişə var, müasir futbolda istənilən komandaya qalib gəlmək mümkündür.
- "Qarabağ” Şüvəlandakı matçda AZAL-a qarşı çətinlik çəkmişdi. Bu dəfə də həmin çətinliyi yarada biləcəksiniz?
- Şüvəlandakı matçda meydanda azlıqda qalmağımız böyük rol oynadı. Çünki "Qarabağ” yüksək səviyyədə olan komandadır və bir nəfər üstün olmasından təbii ki, istifadə edəcək. Növbəti oyunda isə hər şey ola bilər. Ancaq biz Surxanıya özümüzə lazım olan nəticə arxasınca gedəcəyik.
- Omeq Roberts komandadan qovuldu. Səbəb də "Kəpəz”lə oyunda Julien Ebaha qarşı etdiyi kobudluq oldu. Bu qərar sənin özün üçün gözlənilməz olmadı?
- Tərlan Əhmədov baş məşqçimizdir və onun qərarı müzakirə olunmur. Əlbəttə, Omeqanın gedişinə üzülürəm. Ancaq bu, futbol həyatıdır və hərtərəfli güclü olmalısan. Bəzən futbolçu kimi güclü olmağın yetmir, səbrli və təmkinli olmaq da lazımdır.
- Liberiyalının gedişindən sonra komandanın aparıcı futbolçusu olmuş Tural Hümbətov yenidən əsas heyətə qayıdacaq...
- Omeqa komandada olanda da Tural Hümbətov bizim aparıcı üzvümüz olaraq qalırdı. Komandamızda əvəzedilməz futbolçu yoxdur. Hər birimiz baş məşqçimizin qərarından asılı olaraq şans gözləyirik.
- Mövsüm sona yaxınlaşdıqca AZAL xal qazanmağa başlayır. Hazırkı heyətə mövsümün əvvəlindən sahib olsaydınız, səncə indi də son pillədə olardınız?
- Heç kim deyə bilməz ki, yaxşı olardı, ya pis. Əsas odu ki, indi baş verən dəyişikliklər kluba fayda versin.
- Gələn mövsümdən çempionatda 10-12 komanda olacağı istisna edilmir. Son pilləni tutsanız da, I Diviziona yuvarlanmayacağınızı bildiyiniz halda oynamaq maraqsız gəlmir?
- Hazırda son pillədəyik və mövsümü belə başa vursaq, aşağı liqaya düşməyəcəyimizi heç kim deməyib. Belə fikir də yoxdur. Biz oyunlarımızı keçirib daha çox xal yığmaq istəyirik.
- AZAL-dan milliyə heç kəs dəvət ala bilmir. Yəni, sizdən milliyə layiq olan bir nəfər belə yoxdur?
- Nə deyim? Milli hamımızındır, uğuru da uğurumuzdur. Ona görə kim çağırılırsa-çağırılsın. Əsas odur ki, qalib gəlsinlər, hamımızı sevindirsinlər.
- Qışda adın bir neçə klubla hallanırdı, ancaq AZAL-da qalası oldun. Yayda necə, komandadan ayrılmaq haqda düşünürsən?
- Təkliflər qışda olmuşdu. Ancaq fikrim AZAL-da qalmaq idi, ona görə də qaldım. Qalanını isə gələcək göstərəcək.
- "Neftçi”nin əsas komandasında çıxış etmisən. Komandanın hazırkı çalışdırıcısı Elxan Abdullayev mətbuata müsahibəsində bildirib ki, komandanın yerli futbolçu problemi var. Məsələ haqda sənin fikrini bilmək istəyirdik...
- "Neftçi”nin yerli oyunçularının bir qismini, səhv etmirəmsə, elə Elxan Abdullayev özü komandaya dəvət edib. Ancaq düzünü desəm, bu gün mənim adi olmadığı komandanın işinə qarışmaq istəmirəm, özləri bilər. Açığı, orada olan yerli uşaqları çox bəyənirəm. Rəhman Hacıyev, Cavid İmamverdiyev, Ruslan Abışov, Namik Ələsgərov bəyəndiyim oyunçulardır.