Azərbaycan milli komandasının və Türkiyənin "Bursaspor" klubunun futbolçusu Deniz Yılmaz 96 günlük aradan sonra qol vurub.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı hücumçu Türkiyə Super Liqasının XXIV turu çərçivəsində "Osmanlıspor" komandası ilə səfər görüşündə fərqlənib.
Sonuncu dəfə ötən il dekabrın 5-də XIII turun "Rizespor"la matçında dubl edən Yılmaz (2:1), "Osmanlıspor"la qarşılaşmanın 40-cı dəqiqəsində penaltidən vurduğu qolla "Bursaspor"u önə keçirib. Lakin meydan sahibləri məğlubiyyətdən qurtula biliblər - 1:1.
Oyunda hesabı açmasına və 96 günlük aradan sonra fərqlənməsinə rəğmən, Azərbaycan yığmasının hücumçusu nəticədən razı qalmayıb. O, son dəqiqələrdə qol buraxdıqları üçün məyus olduqlarını ifadə edib: "Üç xal qazanmadıq deyə, komanda adına çox üzüldüm. Yaxşı mübarizə apardıq. "Osmanlıspor" güclü komandadır. Onlarla səfər matçında hesabda önə keçmək asan deyil. Hesabı 85-ci dəqiqəyə qədər qoruya bildik. Nəticənin 1:1 olmasından biz də məmnun qalmadıq. Son dəqiqələrdə qol buraxmaq hər kəsi məyus edir, amma bu oyunu unutmalıyıq. Növbəti turda öz meydanımızda 3 xal qazanmaq istəyirik".
Qeyd edək ki, "Bursaspor" 32 xalla 10-cu pillədə qərarlaşıb. D.Yılmazın komandası martın 19-da XXV tur çərçivəsində "Alanyaspor"u qəbul edəcək.