"Oyunun ikinci hissə bizim adımıza daha yaxşı keçdi. Burdan ən azı heç-heçəylə qayıtmaq istəyirdik. Ancaq alınmadı. "İnter” qalib gəldi deyəndə ki, qolu biz hədiyyə etdik. Novruz bayramına hələ bir həftə qalsa da, oyunçular tez hədiyyə etməyə başlayıblar. Qorxduğumuz başımıza gəldi. Bilmirəm komandanın belə oyununun səbəbi nədir".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə "İnter”ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
Abasov daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- Ardıcıl məğlubiyyətlərdən sonra "Kəpəz"lə növbəti oyunda nəyə ümid edirsiniz?
- Bizi Gəncədə çətin oyun gözləyir. Qorxum rəqibə görə yox, özümüzə görədi. Bəlkə də hər şey təcrübəsizlikdən irəli gəlir. Pis olası bir şey yoxdur. Əsas odur ki, yüksək liqada yerimizi təmin edib, məqsədimizə çatmışıq. Ancaq hər şey bitməyib. İndi əsas hədəf növbəti görüşlərdə qalib gəlib, öz-özümüzü sevindirməkdir.
-"Qarabağ”la oyunda 5 müdafiəçi ilə oynamışdız, indi isə 4. Bu dəyişikliklər nə ilə bağlıdır?
-"Qarabağ”ın mərkəzində daha güclü oyunçular çıxış etdiyinə görə 3 dayaq yarımmüdafiəçisi ilə çıxmışdıq. Biz "Qarabağ”dan çəkinmirdik. Bu gün öz sistemimizə qayıtdıq. Uşaqlar buna daha çox öyrəşiblər. "İnter” də bu sistemlə oynayır. Yəqin ki, dəyişiklik olmasa, "Qarabağ”la yenə eyni sistemlə oynayacağıq.