"İnter”in futbolçusu Elnur Abdullayev Azərbaycan Premyer Liqasının XXII turunda "Sumqayıt”ı evdə 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra brifinq keçirib. Abdullayev Sportnet.az-ın da suallarını cavablandırıb...
- Əvvəlcə oyunla bağlı fikirlərinizi bildirərdiniz..
- Sonuncu turda "Qəbələ”yə uduzduğumuz matçda yaxşı oynamamışdıq. Bu səbəbdən, "Sumqayıt”la oyuna 3 xal üçün çıxmışdıq. "Zirə” də uduzduğundan, qələbə vacib idi. İlk yarıda daha yaxşı çıxış etdik, nəinki fasilədən sonra. Bu da yəqin ki, bəzi futbolçuların yorğun, bəzilərinin isə xəstə olması ilə bağlı idi. Vacib olanı 3 xalı qazanmağımızdır. "Neftçi” ilə çətin görüşə hazırlaşacağıq.
- "Qəbələ” ilə oyundan sonra da bəzi futbolçular yorğunuluqdan şikayətlənmişdi. Bu gün də eyni sözləri dedin. Yorğunluq nədən irəli gəlir?
- Hər komanda bir cürdür. Elə şeylər var ki... Psixoloji cəhətdən yorulursan. Bu da özünü oyunda büruzə verir. Buna baxmayaraq, belə motivasiya ilə oynayan yeganə komandayıq. O söhbət gedir, bu söhbət gedir, baxmırıq. Öz oyunumuzu sərgiləyirik. Buna görə də uşaqlara təşəkkür edirəm. Çıxırlar, canlarını qoyurlar. 39 xalla 3-cü yerdə olmaqla, göstərirlər ki, komandayıq.
- "İnter” bütün komandalara qarşı eyni oyun tərzi ilə çıxış edir, daha çox müdafiəyə önəm verir. Bu nə qədər doğrudur?
- Sistem bunu tələb edir. Beşli müdafiədə oyun əks-hücumların üzərində qurulur. Düzdür, ilk yarıda daha çox hücum edirdik. Fasilədən sonra ola bilsin, yorğunluq və qol vurmağımız səbəbindən arxayınlıq oldu. Rəqibi əks-hücumda yaxalamaq istəyirdik. Hər şeyə rəğmən, 3 xalı qazandıq.
- İki epizodda qırmızı vərəqə alma təhlükən var idi. Niyə əsəbləşmişdin?
- Olur da... Ayağım da ağrıyırdı. Ona görə bir az əsəbləşmişdim.
- Komandanın maddi durumu nə yerdədir: Maaş ala bilirsiniz?
- İki aydır ala bilmirdik. Amma artıq son bir ay qalıb. Onu da verəcəklərini deyiblər. Yəqin ki, ödəyərlər.
- Ruslan Abışovun gedişindən sonra dayaq yarımmüdafiəçisi qismində çıxış edirsən. Bu boşluğu doldura bilirsən?
- Ruslan da qardaşımızdır. O, komandada olanda da oynayırdım. Hər futbolçunun öz tərzi var. Mən bu cür, Abışov başqa cür oynayır.
- Erkən əvəzlənməyin nə ilə bağlı idi?
- Ayağım ağrıyırdı.
- Özünü Robert Prosineçkinin fəsləfəsinə uyğun sayırsan?
- (gülür) Prosineçkinin? Onun fəlsəfəsinə hörmətlə yanaşıram. Hər bir baş məşqçinin öz baxışı var. Bu suala cavab vermək istəmirəm. Prosineçkinin öz fəlsəfəsi var, nə deyə bilərəm?