"Sumqayıt"ın müdafiəçisi Rail Məlikovun Sportnet.az-a müsahibəsi:
- Son üç turdu ki, məğlub olursunuz. Nə baş verir komandada?
- Çox ciddi problemlərimiz var. Yəqin ki, çox rahatlaşmışıq deyə uduzuruq. Bu uğursuzluqları "Kəpəz”lə matçda unutdurmaq, tam ciddi hazırlaşıb, dönüş etmək istəyirik.
- Məğlubiyyətlərə əsas səbəb nədir?
- Əlbəttə ki, müzakirə edirik. Öz səhvlərimiz də böyükdür. Əsas məsələ qol vura bilməməyimizdir. Bir qol lazımdır ki, dönüş edək. Təəssüf ki, bugünki görüşdə də ələ düşən imkanlardan yararlana bilmədik.
- Nizami Hacıyevin vurduğu qolda müdafiənin səhvi çox idi?
- Qol buraxanda komanda buraxır, tək müdafiə uduzmur ki... Biz birlikdə komandayıq. Qol buraxanda tək günah müdafiədə olmur.
- 90 dəqiqə ərzində bir dənə də kombinasiyalı hücum olmadı. Bəlkə baş məşqçi nəyisə düzgün istiqamətləndirə bilmir? Samir Abasov kənarda qışqırdıqca uşaqlar daha çox təşvişə düşür. Hətta cərimə zərbəsi zamanı Xəyal Nəcəfov nə edəcəyini bilmədi və dönüb Samir Abasovdan bunu soruşdu...
- Düzgün məşq prosesi gedir, oyunları məşqçilər korpusu analiz edir. Xəyal Nəcəfovun orada nə etməli olduğunu bilməməsi isə təcrübəsizliyindən irəli gəlir. Samir Abasov hansı oyunçuya təzyiq göstərməyin lazım olduğunu bilir. Onu edir ki, həmin oyunçular oyansın və oynasın.
- Kamran Quliyev bildirib ki, ciddi araşdırmalar olacaq və lazım olarsa, hansısa futbolçulara pul cəzası kəsiləcək. Razılaşacaqsınız?
- Bir nəfərin zəif oyununa görə komanda cəzalanmamalıdır. Uduzanda komanda uduzur da. Kamran Quliyev belə deyirsə, elə ondan soruşardınız kimləri cəzalandırmaq istəyir.
- Bayaq dedin ki, əsas diqqəti "Kəpəz”lə oyuna yönəltmisiniz. Elə Gəncə klubu da əsas ümidini sizinlə oyuna bağlayıb...
- Lap yaxşı. Demək ki, gözəl oyun olacaq. Hansı komanda güclüdürsə, o da qalib gəlsin.
- Bəlkə avrokuboklar söhbəti ortaya çıxdı deyə, futbolçularda fikir dağınıqlığı olub?
- Uşaqlar məsələyə məsuliyyətlə yanaşmalıdırlar. Biz yaşlı nəsil bu mərhələləri keçmişik. Uşaqlar məsuliyyətlə yanaşmalıdır ki, Avropa Liqasına vəsiqə qazansınlar. Bunun üçün ikiqat motivasiya ilə oynamalıdırlar. Nəsə varsa, onun üzərində işləyəcəyik.
- Hazırkı komanda Avropa Liqasına çıxsa, nə edə bilər?
- Avropa Liqasına çıxaq, orada fikirləşərik.
- Gec olmaz?
- Xeyr, olmaz.