"Neftçi” komandasının futbolçusu Namik Ələsgərov Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində "Qəbələ” üzərində 1:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, yeganə qolun müəllifi əvvəlcə görüş barədə danışıb...
- Oyuna çox yaxşı hazırlaşmışdıq, çətin olacağını bilirdik. Şükürlər olsun ki, qələbə qazandıq. Yaxşı mübarizə aparıb, bəhrəsini gördük.
- "Neftçi” "Qəbələ”dən istəkli görünürdü. Burada ilk dövrədəki 0:8 hesablı məğlubiyyətin təsiri var idi? Yəni, bunu əvəzin çıxmaqla bağlı nəsə deyilmişdi?
- Bəli, belə bir şey vardı. Bu gün "Neftçi”nin adı üçün oynayırdıq ki, həmin məğlubiyyəti unutduraq.
- Qələbə qolunu vurdunuz, düşünülmüş hücum idi...
- Elədir, qoldan öncə də bir neçə dəfə top həmin istiqamətə gəldi. Oyundan əvvəl tapşırılmışdı ki, oranı bağlayım. Epizodun birində vurdum, qol oldu.
- Cari mövsümdə ölkə çempionatında motivasiyanız nə olacaq? Hər halda, 4-cü pillədən çox uzaqsınız...
- Çox uzaq deməzdim, 6 xallıq fərq var. Şansımız var. Həmçinin ölkə kubokunda da mübarizəni davam etdiririk.
- Əsas diqqət kubokadır?
- Xeyr, çempionatdan əlimizi üzməmişik. Bu gün uduzsaydıq, demək olar şansımız qalmayacaqdı. Ona görə də bu matç bizim üçün həlledici görüşlərdən biri idi.
- Bu nəticə sizin sabiq komandanız "Qarabağ”ın çempionluq şansını artırır?
- Mənə aid sual deyil. Əlbəttə, "Qarabağ” 1-ci pilləyə keçdi. Yəqin ki, "Qarabağ” bu şansı əldən qaçırmaz.
- Qış fasiləsindən sonra "Neftçi”nin ən yaxşı oyunu olduğunu söyləmək olar?
- "İnter” və "Sumqayıt”a qarşı da yaxşı çıxış etmişdik. Bu da yaxşı oyunlarımızdan biridir.
- Yaxşı çıxış etsəniz də stabillik çatışmır...
- Bu heyətdəki əksər futbolçuların yeni olması ilə əlaqədardır. Qış fasiləsində demək olar komanda təzədən yığılıb. Ona görə stabillik yoxdur...
- "Neftçi” növbəti tur "İnter”lə oynayır. Bu qələbənin ardı gələ bilər?
- Əlbəttə, 4-cü yer şansımızı qorumaq üçün qalib gəlməyə çalışacağıq.
- Baş məşqçi Elxan Abdullayev "Neftçi”də yerli futbolçularla bağlı problemin olduğunu söyləyib. Bu fikirlə razısınız?
- Məncə, bu sözü başqa mənada deyib. O, zədəli futbolçuların çoxluğunu nəzərdə tutub.