"Neftçi"nin yarımmüdafiəçisi Zdenek Folprext "İnter"ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra brifinq keçirib. Sportnet.az çexiyalı futbolçunun müsahibəsini təqdim edir...
- Matç haqda nə deyə bilərsən?
- Bizim üçün vacib oyun idi. "Neftçi”nin yaranma günü idi deyə komandamız bu görüşdə qalib gəlməli olduğunu anlayırdı. Hardasa komandada təzyiq də var idi. Xoşbəxtəm ki, qalib gələn tərəf biz olduq.
- Bu oyun üçün hazırlanmış xüsusi formaları bəyəndin?
- Birinci dəfədir ki, tarixi formada oynayırdım. Oynadığım digər klubların heç biri belə bir addım atmamışdı. Formalar xoşuma gəldi. Əsas odur ki, bu formada qələbə qazandıq.
- "Neftçi”nin Azərbaycan futbolu üçün hansı yerə sahib olduğunu bilirdin?
- Təbii ki, əvvəlcədən hansı komandaya gəldiyimi yaxşı anlayırdım. Gəlməmişdən məlumat yığmışdım. "İnter”lə görüşdə də gördük ki, "Neftçi” Azərbaycan üçün nə dərəcədə vacib klubdur. Ad günümüzdə qələbə qazanmağımız bizə qarşıdakı matçlarda da motivasiya verəcək.
- "Qəbələ”nin ardından "İnter”ə də qalib gəldiniz. Deyə bilərik ki, "Neftçi” böyük addımlar atmağa başlayıb?
- Biz çox yaxşı formadayıq. Mövsümün birinci yarısını saymayıb, 2017-ci ildən bu yana qazanılan xalları saysaq, yəqin ki, biz çempionatın ən yaxşı komandalarından biri olarıq. Təbii ki, mövsüm belə sayılmır. "Neftçi” hazırda çox yaxşı formadadır və nəticələr də bunu göstərir.
- Lider komandanı məğlub etdiniz, ardınca üçüncü pillədə qərarlaşan komandaya qalib gəldiniz. "Qarabağ”ı necə, məğlub edə biləcəksiniz?
- "Qarabağ”a qarşı üç dəfə oynamışam, heç birində uduzmamışam. Futbolda mümkünsüz bir şey yoxdur. Ölkə kubokunda "Qarabağ”ı keçə bilərik.
- "Slovan”ın heyətində özünü "Qarabağ”a qarşı güclü hesab edirdin, yoxsa indi "Neftçi”nin heyətində daha inamlı hesab edirsən?
-"Neftçi” və "Slovan”ın səviyyəsi eynidir.
- Çexiya millisi Azərbaycanla eyni qrupda yer alıb. Çexiyanın qrupdakı nəticələrinin daha yaxşı olması üçün Bakıda keçiriləcək Azərbaycan – Almaniya matçında almanlara azarkeşlik edəcəksən?
- Almaniya ilə matçda Azərbaycan yığmasına azarkeşlik edəcəyəm. Həmin oyuna özüm də gedib baxacam. Üstəlik, "Neftçi”dən komanda yoldaşlarım Ruslan Abışov və Namik Ələsgərov da millidə yer alıb. Şəxsən onlara da azarkeşlik edəcəyəm.
- Bəlkə Çexiya millisinə dəvət almırsan deyə Azərbaycan yığmasına azarkeşlik edirsən?
- Xeyr, elə deyil. Tam ciddi deyirəm: "Neftçi” çempionatda 1-2-ci yerlər uğrunda mübarizə aparsa, Çexiya millisinin məşqçilər korpusu mənə də diqqət ayırar.