"Çox maraqlı oyun oldu. Matçın daha da baxımlı olması üçün qol çatışmadı. Sürətli oyun getdi. Hər iki komandada istək var idi. "Zirə”yə gələcək oyunlarda uğurlar arzulayıram. Son vaxtlar bu komanda fərqli sistemdə oynayır. Öz oyunçularımdan razı qaldım. Komanda yeni-yeni öz ritmini tutmağa başlamışdı. Ancaq təəssüf ki, fasilə yaranacaq. Lakin bunu da başa düşürəm. Milliyə qarşıdakı oyunda uğurlar arzulayıram. Qarşıda bizi gərgin oyunlar gözləyir".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə" ilə səfərdə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 45 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Fasilə müddətində oyun keçirməyi planlaşdırırsınız?
- Heyətiimizin yarıdna çoxu əlimizdə olmayacaq. Ancaq ola bilsin, əvəzedici heyətdən bir neçə oyunçu cəlb edib yoxlama oyununda qüvvəmizi sınayaq.
- "Qarabağ”dan milliyə çağırılan oyunçular Almaniya ilə oyuna nə dərəcədə hazırdır. Əfran İsmayılovun durumu sizi razı salır?
- Əfran pis oynamadı. Son 10 dəqiqəni çıxmaq şərtilə onun oyunundan razı qaldım. Digər milliyə çağırılan oyunçuların da vəziyyətindən razıyam.
- Oyunun son dəqiqələrində "Qarabağ” böyük qüvvə ilə irəli atılırdı...
- "Zirə” müdafiədə çox yaxşı oynayırdı. Rəqib 10 nəfərlə qaldıqdan sonra daha yaxşı müdafiə olundu. Bu, futbolun qanunudur. Məhz buna görə, hücumda futbolçuların sayını artırdıq.
- Bu oyuna çıxanda "Qəbələ”nin xal itirdiyini bilirdiniz Bu və "Zirə" ilə yaxınlıq söz-söhbəti komandanın oyununa nə dərəcədə təsir etdi?
- "Zirə” - "Qarabağ” yaxınlığına görə sübut olunası heç nə yoxdur. Biz meydanda rəqibik. Bizdən də yaxın komandalar olub. Sadəcə, biz heç vaxt bu məsələlərə münasibət bildirməmişik, qabartmamışıq. Bu sözlərə fikir vermirik, başımız ucadır. Qalib gələ bilməməyimizin "Qəbələ”nin xal itkisi ilə bağlı olduğunu da düşünmürəm. Əvvəllər də bu cür hallar olub. Biz peşəkarıq. Çıxıb oyunumuzu oynayırıq. Bəlkə də, çox kiçik, məsələn 5 faiz təsiri olub. Ancaq ümumi götürsək, biz rəqibə görə oyunumuzu qurmuruq.