"Kəpəz"in müdafiəçisi Şəhriyar Rəhimovun Sportnet.az-a müsahibəsi
- "Sumqayıt”la matçda qalib gəlməyi bacardınız. Görüş necə alındı?
- Turnir cədvəlindəki mövqeyimiz elədir ki, hər oyuna üç xal üçün çıxırıq. Biz məqsədimizə çatmaq istəyiriksə, səhv etməyə haqqımız yoxdur. Üç dövrədə onsuz da çox xal itirdik. "Sumqayıt”la oyunda qələbəyə köklənmişdik. Oyuna yaxşı başladıq və üstünlük də bizdə idi. İlk yarının son dəqiqələrində qolumuzu vurduq. "Sumqayıt” sona kimi geri dönüş etmək istədi. Şadam ki, müdafiədə səhv etmədik.
- Ardıcıl 4 oyunu evdə oynamaqdan bezmədiniz? Bunun hər hansı üstün və ya mənfi cəhətləri var?
- Xeyr, bezmədik. Çünki tribunada hər oyun ən azı 6-7 min azarkeş bizə dəstək olur. Azarkeşlərimiz önündə oynamaq bizi motivasiya edir.
- Gəncəyə gələn rəqiblərin hamısı meydanın durumundan şikayətlənir. "Kəpəz”in qələbəsində meydan amili nə qədər böyük rol oynayır?
- Biz də istəyirik ki, ideal meydanımız olsun. Hücum xəttində oynayan futbolçularımız texnikalıdırlar. Hansı ki, yaxşı meydanda daha baxımlı oyun sərgiləyə bilərlər. Gəncədəki üstünlüyümüz azarkeşlərimizin bizə verdiyi motivasiyadır.
- XXIII tura kimi "Kəpəz”in əvəzedilməz oyunçusu idin və cəzalandırılmamışdın. "Sumqayıt”la görüşdəki sarı vərəqədən sonra isə cəzalı duruma düşdün və "Qarabağ”a qarşı meydana çıxa bilməyəcəksən...
- Müdafiəçi olduğumdan, sarı vərəqə almağım normaldır. Vərəqəni bacardığım qədər gec almaq istəyirdim. Demək ki, "Qarabağ”la oyunu buraxmaq qismətimdə imiş.
- "Qarabağ”la oyun haqda nə düşünürsən: "Kəpəz" istədiyini əldə edə bilər?
- Səhv etmək haqqımız qalmayıb. Çalışacağıq ki, Suraxanıdan bizə sərf edən nəticə ilə dönək. Ancaq çox ağır olacağını da bilirik. Çünki "Qarabağ”ın səviyyəsi hər kəsə bəllidir və "Qəbələ” ilə qızğın mübarizə gedir. İnanmıram ki, mənim yoxluğum komandanın oyununa hiss olunacaq qədər təsir etsin.
- Bəs "Kəpəz”in avrokuboklara düşəcəyinə inanırsan?
- 4-cü pillədən bizi 6 xal ayırır. Amma cəmi 5 oyun qalıb. Çətin olacaq, ancaq mümkünsüz deyil. Onu dəqiq deyə bilərəm ki, sona kimi vuruşacağıq.
- AZAL-dan milliyə oyunçu dəvət edilir, ancaq "Kəpəz”dən çağırılmır. Səncə, bu nədən irəli gəlir?
- Fikrimcə, "Kəpəz”dən Qətərlə oyuna 1-2 nəfəri çağırıb yoxlamaq olardı. Ancaq mənim fikrim o qədər də önəmli deyil. Millinin məşqçilər korpusu kimi məsləhət bilirsə, onları da çağırır.